İntertoto kubokunun qalibləri müəyyənləşib
28.07.2008 - 10:14
İntertoto kubokunun qalibləri müəyyənləşib
Bakı. Mehman Süleymanov – APA-Sport. İntertoto kubokunun sonuncu qalibləri müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, postsovet məkanından turnirin qalibi kimi UEFA kubokuna yüksələn komanda olmayıb. “Neftçi”dən fərqli, Rusiyanın “Saturn” və Ukraynanın “Tavriya” klubları cavab görüşündə 90 dəqiqəlik mübarizədən sonra uduzmayıb. Almaniyada “Ştutqart”la görüşən “Saturn” təyin edilən 30 dəqiqəlik əlavə vaxtda Marikanın “dubl”u sayəsində məğlub olub – 0:3. “Tavriya” isə Fransanın “Renn” klubuna öz meydanında oyun sonrası penaltilər seriyasında 9:10 hesabı ilə yenilib. “Ştutqart”, “Renn” və “Neftçi”ni mübarizədən kənarlaşdıran Rumıniyanın “Vaslui” klubu ilə yanaşı, “Rusenborq” (Norveç), “Elfsborq” (İsveç), “Qrasshopers” (İsveçrə), “Şturm” (Avstriya), “Deportivo” (İspaniya), “Aston Villa” (İngiltərə), “Napoli” (İtaliya), “Braqa” (Portuqaliya) İntertotonun qalibi olub. “Braqa” milli komandamızın yarımmüdafiəçisi İlqar Qurbanovun şərəfini qoruduğu Türkiyənin “Sivasspor” klubunun qapısından iki oyunda 5 cavabsız top (2:0 və 3:0) keçirib. UEFA kubokunun ikinci təsnifat mərhələsinə vəsiqə qazanan bu 11 komandanın rəqibləri avqustun 1-də keçiriləcək püşkatmada müəyyənləşəcək.
Qeyd edək ki, UEFA 1995-ci ildən keçirilən İntertotonu ləğv etdiyindən, gələn mövsümdən bu turnir baş tutmayacaq.
0