Misir Əbilov: “Bakılı” klubunun büdcəsi təxminən 1,5 milyon dollardır”
29.07.2008 - 13:08
Misir Əbilov: “Bakılı” klubunun büdcəsi təxminən 1,5 milyon dollardır”
Bu gün klub və şirkət rəhbərliyi arasında qarşılıqlı əməkdaşlıqla bağlı rəsmi müqavilə bağlanıb. Anlaşmaya “Bakılı”dan klub prezidenti Misir Əbilovla MCR-nin şirkətinin prezidenti Çingiz Mustafayev imza atıb. Bundan sonra hər iki rəhbər şəxsə komandanın simvolik olaraq 070 nömrəli formaları bağışlanıb. Ç.Mustafayev “Bakılı” ilə əməkdaşlığın yaranması ilə bağlı məmnunluğunu ifadə edib: “Ümid edirəm ki, bu əməkdaşlıq uğur gətirəcək. Müəyyən nəticə qazanacağımıza əminəm və komandaya ürəkdən azarkeşlik edəcəyik. Anlaşmanın maliyyə tərəfini yalnız bir ildən sonra açıqlaya bilərik”.
M.Əbilov isə komandanın maddi durumunun yaxşılaşmasının çıxışına müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib: “Cari mövsümdə komandanın qarşısında duran əsas vəzifə ilk “onluq”da qərarlaşmaq olacaq. Sonrakı mövsümlərdə isə iddiamız artacaq. 3-4 ildən sonra Avropa səviyyəli komanda yaratmaq fikrindəyik”. MCR ilə anlaşmanın maliyyə tərəfini kommersiya sirri kimi saxlayan “Bakılı”nın prezidenti klubun büdcəsi ilə bağlı rəsmi məbləğ açıqlamasa da, buna müəyyən mənada aydınlıq gətirib: “Büdcəmiz iddialı klublarımızın büdcəsinin 1/10-i, 1,5 milyon dollar olar. Bu, rəsmi yox, təxmini məbləğdir. Biz klub infrastrukturuna da xüsusi diqqət yetiririk. 8-ci kilometr qəsəbəsində müasir Avropa standartlarına cavab verən stadion tikdiririk. Xərclərimizi paylaşdırıb, işləri paralel görürük. Stadionumuzda işləri tam başa çatdırandan sonra gələn il ondan istifadə edəcəyik. Bu müddətdə isə ev oyunlarımızı İsmət Qayıbov adına Bakıxanov, yaxud Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirəcəyik. Məsələyə qarşıdakı günlərdə tam aydınlıq gələcək”.
Qeyd edək ki, əvvəllər fasilələrlə güclülər dəstəsində çıxış edən “Bakılı” ötən mövsüm birinci divizionun qalibi olub.
0