Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti jurnalistlərdən üzr istədi
30.07.2008 - 13:28
Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti jurnalistlərdən üzr istədi
“APA-Sport” agentliyinin məlumatına görə, R.Musayev jurnalistlərdən onların ünvanına qeyri-etik ifadə işlədən 69 yaşlı ukraynalı mütəxəssisə qarşı boykotu dayandırmağı xahiş edib: “Bunu nə Xodukinə, nə də “İnter”ə görə edirəm. Xodukinlə qohumluğum, heç yaxın münasibətim də yoxdur. Hər halda, Xodukin Azərbaycanın çörəyini yeməklə, burada qazanmaqla yanaşı, futbolumuzun inkişafına çalışır. Onun çalışdırdığı “İnter” Çempionlar Liqasında debüt mövsümdə artıq üç heç-heçə etməklə, Azərbaycanın reytinqini artırıb”. R.Musayev üzrxahlıq etməyini belə izah edib: “Əslində, bunu qarşıdakı mövsümün maraqlı olması, oyun sonrası mətbuat konfranslarında baş məşqçilərin iştirak etməsi üçün edirəm. Məlum olduğu kimi, yeni çempionatda bu məsələyə xüsusi diqqət yetiriləcək. Oyun sonrası mətbuat konfransına gəlməyən baş məşqçilərə görə klublar 5000 manat cərimə ödəyəcək. “İnter”in maddi durumunu nəzərə alsaq, bu məbləği ödəmək onlar üçün problem deyil. Sadəcə, Xodukin media ilə münasibətlərindəki gərginliyin artmasına görə, mətbuat konfransına gəlməyə bilər. Bizim də istəyimiz bütün baş məşqçilərin mətbuat konfransında gəlməsinə nail olmaqdır. Xodukinin əvəzinə siz mətbuat işçilərindən üzr istəyib, boykota son qoymağı xahiş edirəm”.
Qeyd edək ki, V.Xodukin Makedoniyanın “Rabotniçki” klubu ilə səfər oyunundan öncə mətbuat nümayəndələrinin ünvanına “İt hürər, karvan keçər” ifadəsini işlədib. Azərbaycanlı jurnalistlər buna cavab olaraq Serbiyanın “Partizan” klubu ilə Bakıdakı oyundan sonra mətbuat konfransını tərk etməklə, “Ehtiyatlı olun, itlər gəlir” plakatları ilə boykot ediblər.
0