Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti hakimlərə xəbərdarlıq etdi
30.07.2008 - 14:57
Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti hakimlərə xəbərdarlıq etdi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Mətbuat nümayəndələri və klublar qarşısında çempionatın keçirilməsində böyük dönüşün olacağına söz verirəm. Buna hər biriniz şahid olacaqsınız”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Azərbaycan Peşəkar Futbol Liqasının (APFL) prezidenti Ramin Musayev deyib. R.Musayevin sözlərinə görə, başçılıq etdiyi qurum müstəqildir və keçirdiyi yarışlarla bağlı onun işinə müdaxilə edən olmayacaq: “Hazırda 9 işçimiz var və bunun sayı 25-ə kimi artacaq. Futbolu sözdə yox, əməldə inkişaf etdirmək lazımdır və biz də buna çalışırıq”. Hakimliklə bağlı problemə toxunan R.Musayev bu məsələyə xüsusi fikir veriləcəyini, bundan sonra vəziyyətin fərqli olacağını söyləyib: “Qəbələdə hazırlıq keçən hakimlərimiz qışda Türkiyədə, daha sonra başqa ölkələrdə təlim-məşq toplanışında olacaq. İndiyədək hakimlərlə bağlı xoşagəlməz hallar olub və bunlar ədalət təmsilçilərimizin nüfuzuna xələl gətirib. Hakimlərimizin qonorarları xeyli artırılıb, lazım gəlsə, onlara mükafatlar da veriləcək. Tələbimiz obyektiv idarəçilik etmək, işə peşəkar yanaşmaqdır. İndiyədək hakimlərin rüşvətxorluğu ilə bağlı söz-söhbətlər gəzib və belə xoşagəlməz halların qarşısını alacağıq. Söz verirəm ki, hakimliklə bağlı neqativ halların qarşısını ən azı 80 faiz alacağıq”. APFL prezidenti günahı olan hakimlərə qarşı sərt tədbirlər görüləcəyini söyləyib: “Kimliyindən asılı olmayaraq, günahı olan cəzalandırılacaq, heç kimə güzəşt olmayacaq. İndidən hakimlərə xəbərdarlıq edirəm ki, sonra gəlib deməsinlər ay mənim ailəm, uşağım var, mənə yazığınız gəlsin. Bizim heç kimi həbsə salmaq fikrimiz də yoxdur. Sadəcə, bilərəkdən səhvə yol verənlər, hansına komandaya qəsdən kömək edənlərlə bağlı ciddi ölçü götürüləcək”.
0