Qorxu, coşqu və boykot
30.07.2008 - 16:14
Qorxu, coşqu və boykot
Komanda tarixində ilk dəfə Çempionlar Liqasında debüt edəcəkdi. Valentin Xodukinin yetirmələri birinci mərhələsini sürünə-sürünə adladı. Sınıq-salxaq “Rabotniçki” ilə rüsvayçı heç-heçələr ukraynalı məşqçinin dadına çatdı. Əks halda... Yəqin ki, Xodukin ən yaxşı halda, başını götürüb ölkəmizdən qaçacaqdı. Ya da ki...
Beləliklə, “İnter” adını mərhələ adlayan Azərbaycan klublarının sırasına yazdırdı. Yəni, bir növ əsas vəzifənin öhdəsindən gəldi. Komanda rəhbərliyinin növbəti mərhələdə “Partizan”dan qorxması da bundan irəli gəlirdi. Serbiya çempionu, təcrübə, çoxsaylı titullar, usta futbolçular - bu kimi məqamların arxasında tir-tir əsən Xodukin yetirmələrinin də canına vəlvələ salmışdı. Bunun belə olmadığını kimsə bizə sübut etməyə çalışmasın. Oyun ərəfəsində səslənən əksər açıqlamalardan qorxu iyi gəlirdi. Özündən razı serblərin saymazyana münasibəti də bizim düşərgənin yuxusuna haram qatmışdı. Bu səbəbdən hesab artıq üçüncü dəqiqədə açıldı. Daha da qorxuya düşən futbolçularımız hesabı bərabərləşdirməkdənsə, müdafiə haqda düşünməyə üstünlük verdilər. Amma vaxt ötdükcə qonaqların heç də “adamyeyən” olmadığı üzə çıxdı. Deyəsən, Xodukin də bunun fərqinə varmışdı. Hər halda, fasilədən sonra meydanda tam fərqli “İnter” gördük. Cəsur, coşğulu və yalnız hücumu düşünən komanda. Nəticə də özünü çox gözlətmədi. Rəqibin müdafiə xəttini dəlmə-deşik edən “bankirlər” hesabı bərabərləşdi. Oyun bu nəticə ilə də başa çatdı. Hərçənd, “İnter” mükəmməl oyunu ilə böyük hesablı qələbə qazanmağa layiq idi. Buna isə futbolçuların təcrübəsizliyi, ustalıq səviyyəsinin aşağı olması və bir qədər də bəxtsizlik maneçilik törətdi. “İnter” qorxu içində gözlədiyi rəqibinə qorxulu anlar yaşatdı. Xodukin serbləri dağın başına qaldırdığına görə peşman oldu. Çünki sadaladığım məqamlar lazımi nəticəni qazanmağa imkan vermədi.
İddia edirik: “İnter” belə oyuna sadiq qalarsa, çətin ki bu komandanı ölkə çempionatında kimsə dayandıra. Makedoniya təmsilçisini devirməklə, postunu qoruyan Xodukin ikinci çempionluğunu qazanmaqda problemlə üzləşməməlidir. Buna komandanın potensialı yetər. Üstəlik, klubun bolqarıstanlı prezidenti Georgi Nikolov heyəti daha da gücləndirəcəklərini deyirsə...
Cavab matçı avqustun 6-da Belqradda keçiriləcək. Təbii ki, indiki halda “Partizan” daha şanslı görünür. Rəqibin doğma azarkeşlər qarşısında sərfəli nəticəni qorumağa çalışacağı gün kimi aydındır. Amma “İnter” ikinci hissədə göstərdiyi coşğulu oyuna sadiq qalarsa, mərhələ keçməyə ümid edə bilər. Niyə də olmasın? Axı serblər heç də qorxulu deyil.
Serbiyaya səfər ərəfəsində yalnız Xodukinin əhvalı yerində deyil. Jurnalistləri itə bənzədən ukraynalı mütəxəssis cavabını artıqlaması ilə alıb. Özü də mətbuat konfransında və serbiyalı həmkarının gözü qarşısında. Boykot olunan Valentin bəy çətin ki, bu zərbənin təsirindən tez ayıla. Onun bir də qələm əhlinin bostanına daş atacağı da inandırıcı görünmür. Odur ki, başınızı aşağı salıb çörək pulunuzu qazanın, cənab Xodukin. Bir şeyi də unutmayın: “Partizan”ı keçmək mümkünsüz deyil. Bunu bacarsanız, günahınızı az da olsa, “yuya” biləcəksiniz.





0