“İnter” və “Simurq” arasındakı oyunlar xüsusi nəzarət altında olacaq
30.07.2008 - 17:23
“İnter” və “Simurq” arasındakı oyunlar xüsusi nəzarət altında olacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Peşəkar Futbol Liqası (APFL) şübhəli oyunların qarşısını almaqla bağlı tədbirlərə əl atacaq. “APA-Sport” agentliyinin məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsinin iyulun 5-də keçirilən iclasında çıxarılan qərara əsasən yaradılan Ekspert və Apelyasiya Komissiyası bu işdə öz köməyini göstərəcək. AFFA-nın baş katibi Elxan Məmmədov komissiya üzvlərinin bacarığına inanır: “Bu komissiyada yer alan şəxslər ayrı-ayrı sahələrdə çalışsalar da, futbolu sevənlərdir. Onların arasında hüquq-mühafizə orqanlarının, baş prokurorluğun nümayəndələri də var. Komissiyanın üzvləri bunu maddi marağa görə etməyəcəklər. Çünki onlar əmək haqlarını çalışdıqları sahələrdə alırlar. Sadəcə, komissiyaya cəlb etdiyimiz bu şəxslər sevdikləri idman növündə xoşagəlməz halların qarşısının alınmasında öz köməklərini göstərməyə hazırdırlar”. APFL-nin prezidenti Ramin Musayev isə hələ ötən mövsümdə “Neftçi”nin vitse-prezidenti işlədiyi vaxtda şübhəli oyunların olmasına toxunub: “Ötən mövsüm “Qəbələ” və “Simurq” klubları turnir cədvəlində yuxarı yerlərdə qərarlaşsalar da, sonradan aşağı pillələrə düşdülər. Məsələnin dərininə qədər getmək istəmirəm, amma çempionatımızda indiyədək üç xalı bilərəkdən rəqibə hədiyyə etməsi halları olub. Əsas məqsədlərimizdən biri şübhəli oyunların qarşısını almaqdır”. R.Musayevin sözlərinə görə, yaxın münasibətlərdə olan “İnter” ilə “Simurq” klubları arasında oyunlar xüsusi diqqət mərkəzində olacaq: “Müzakirə obyektivinə çevrilən, çoxlu söz-söhbətə səbəb olan bu komandaların görüşündə şəxsən iştirak etməyə çalışacağıq. AFFA-nın Ekspert və Apelyasiya Komissiyasının nümayəndələrinin, 4-5 operatordan ibarət video çəkiliş qrupunun belə oyunlara göndərilməsi planlaşdırılıb. Neqativ hallar aşkarlanıb, sübuta yetirilərsə, ağır cəza olacaq. Ancaq inanmıram ki, bundan kimsə rəqibinə bilərəkdən xal versin”.
0