Anatoli Demyanenko: “Belə vəziyyət klubların baş məşqçilərini qane edə bilməz”
31.07.2008 - 17:04
Anatoli Demyanenko: “Belə vəziyyət klubların baş məşqçilərini qane edə bilməz”
“Oyunlarımızın konkret tarixləri hələ müəyyənləşməsə də, rəqiblərimiz bəllidir. İlk iki turda bizi heç də asan sınaq gözləmir. Belə ki, “Standard”la səfər matçından sonra “Bakı”nı qəbul edəcəyik. İlk matçdan sonra futbolçularımız üç günlüyə yığmanın düşərgəsinə yollanacaq. Belə olan halda, çempionluğa iddialı “Bakı” ilə çətin oyuna tam heyətlə hazırlaşa bilməyəcəyik. “Bakı” ilə matçdan sonra milli üzvləri yenidən düşərgəmizi tərk edərək, İslandiya yığması ilə oyuna hazırlığa başlayacaq. Yığma oyunçularının tez-tez düşərgəni belə tərk etməsi balansı pozur. Təbii ki, belə vəziyyət yığmaya oyunçu verən bütün klubların baş məşqçilərini qane edə bilməz”. Təqvimin qurulması zamanı yığmanın oyunlarının nəzərə alınmasının vacibliyini söyləyən 49 yaşlı ukraynalı mütəxəssis hazırlıqla bağlı problemlərin yaranmasından narahatdır: “Beynəlxalq qaydalara görə, klublar yığmanın rəsmi oyununa 96, yoldaşlıq görüşünə 48 saat qalmış futbolçularını yığmanın düşərgəsinə buraxmaq hüququna malikdir. İslandiya ilə oyun rəsmi matç olsaydı, bu, başqa məsələ. Ancaq bu, yalnız bir yoldaşlıq görüşüdür. Sınaq matçına qədər futbolçuların iki dəfə klubun sıralarını tərk etməsi hazırlığa öz mənfi təsirini göstərir”.
Qeyd edək ki, “Neftçi” klubundan İslandiya ilə avqustun 20-də keçiriləcək yoldaşlıq görüşünə 5 futbolçu - qapıçı Anar Nəzirov, müdafiəçilər Rəşad Sadıqov, Rail Məlikov, yarımmüdafiəçilər Aleksandr Çertoqanov və Zaur Tağızadə çağırılıb.


0