“Xəzər-Lənkəran” “Beşiktaş”la avqustun 16-da qarşılaşacaq
31.07.2008 - 17:27
“Xəzər-Lənkəran” “Beşiktaş”la avqustun 16-da qarşılaşacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Kubokunun sahibi “Xəzər-Lənkəran” Türkiyənin “Beşiktaş” klubu ilə avqustun 16-da görüşəcək. “APA-Sport” agentliyinin məlumatına görə, İstanbulda “İsmət İnönü” stadionunda keçiriləcək matç türkiyəli hücumçu Oktay Dərəlioğlunun vida oyunu olacaq. 2004/05 mövsümündə “Xəzər-Lənkəran”da çıxış edən 33 yaşlı futbolçu həmin gün sonuncu dəfə “Beşiktaş”ın formasında meydana çıxacaq. “Beşiktaş” və “Xəzər-Lənkəran”ın himayədarı olan “Palmali Şirkətlər Qrupu” artıq vida mərasiminin hazırlıqlarına başlayıb. Tədbirə informasiya dəstəyini Türkiyənin Pal FM radiosu dəstək verəcək. 20:00-da başlayacaq görüşdən sonra konsert keçirilməsi nəzərdə tutulub. Belə ki, səhnəyə Türkiyənin estrada ulduzları Gökhan Özen və Demet Akalınla yanaşı, onların azərbaycanlı həmkarı Röya da çıxacaq.
Qeyd edək ki, yeni mövsümün açılış matçında “Karvan”ın qonağı olacaq “Xəzər-Lənkəran”ın “Beşiktaş”la oyunu ilə əlaqədar Premyer Liqada ikinci turundakı görüşü təxirə salınacaq.
0