Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində bir pillə irəliləyib
06.08.2008 - 12:26
Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində bir pillə irəliləyib
138-ci yerə yüksələn milli komandamızın hesabında 191 xal var. Azərbaycan UEFA-nın reytinqində yenə də 48-ci yerdə qərarlaşıb.
Milli komandamızın 2010-cu il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərinin də hamısı reytinqdə irəliləyiblər. Almaniya ilə yanaşı, Rusiya yığması da nəhayət ilk “onluğ”a düşüb. Avro-2008-nin bürünc mükafatçı olan rusiyalılar 1023 xalla bir pillə irəliləyərək, 10-cu yerdə qərarlaşıb. Almaniya da bir pillə irəliləyərək, 2-ci pilləyə yüksəlib. Onların hesabında 1343 xal var. İki pillə irəliləyən Finlandiya (653 xal) 42-ci pilləyə yer alıb. Milli komandamızın qarşıdakı seçmə mərhələdə ilk oyununu keçirəcəyi Uels üç pillə irəliləyib. Hesabında 578 xal olan uelslilər 51-ci pilləyə yüksəliblər. Bakıda ilk qəbul edəcəyimiz Lixtenşteyn yığması yenə Azərbaycanı 10 pillə qabaqlayır. Hesabında 230 xal olan lixtenşteynlilər, habelə milli komandamızın avqustun 20-də səfərdə yoldaşlıq görüşü keçirəcəyi İslandiya yığması da reytinqdə bir pillə irəliləyib. Hesabında 369 xal olan islandiyalılar 97-ci yerdə gedir. FİFA-nın sıralamasına yenə də son Avropa çempionu İspaniya yığması (1557 xal) başçılıq edir. 3-cü pilləyə düşən İtaliya yığmasının hesabında 1320 xal var.
Qeyd edək ki, Avro-2008-nin bürünc mükafatçısı olan Türkiyə yığması (1010 xal) bir pillə irəliləyərək, 13-cü yerdə qərarlaşıb.
0