Veliko Paunoviç: “Azərbaycanlı futbolçuların səviyyəsi 10 il əvvəllə müqayisədə qat-qat yaxşıdır”
06.08.2008 - 12:57
Veliko Paunoviç: “Azərbaycanlı futbolçuların səviyyəsi 10 il əvvəllə müqayisədə qat-qat yaxşıdır”
Belqrad. Mehman Süleymanov - APA-Sport. “Bakıda 1:1 hesabı qənaətbəxş nəticədir. Ümumiyyətlə, səfərdə belə hesab həmişə yaxşı nəticə sayılır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “İnter”in Çempionlar Liqasının ikinci təsnifat mərhələsində rəqibi olan Serbiyanın “Partizan” klubunun hücumçusu Velko Paunoviç deyib. Belqrad klubunun lideri ilk oyunda sərfəli nəticə əldə etmələrinə baxmayaraq, arxayınlaşmağı əsassız sayır: “İrəliləyişi təmin etmək üçün çox çalışmaq lazımdır. Futbol tarixində rəqibi ciddi qəbul etməməyin, ona yuxarıdan aşağı baxmağın acı fəsadları olub. Azərbaycanlı futbolçuların səviyyəsi 10 il əvvəl ilə müqayisədə qat-qat yaxşıdır. Biz bunu unutmamalıyıq”. İspaniyada “Almeriya” klubunda çıxışını başa vurduqdan sonra “Partizan”a qayıdan 31 yaşlı futbolçu hazırkı komandasını “İnter”dən səviyyəcə üstün sayır: “Hər halda, səviyyəni meydandakı mübarizədə göstərmək lazımdır. Etiraf edirəm ki, Bakıdakı görüşdə 4-cü dəqiqədə hesabı açandan sonra, xüsusilə ikinci hissədə oyunumuzda geriləmə oldu. İndi öz meydanımızda keçirəcəyimiz cavab görüşündə yüksək səviyyəli, məzmunlu oyun nümayiş etdirməliyik. Qələbəyə inanıb, böyük səbir nümayiş etdirməliyik. İlk dəqiqələrdən təşəbbüsü ələ alıb, sonadək üstünlüyümüzü göstərməliyik. Əgər düzgün oynasaq, “İnter”i keçmək şansımız böyükdür”. Serbiyalı hücumçu hadisələri qabaqlamağı məqsədəuyğun saymayıb: “Üçüncü mərhələdə “Fənərbaxça” ilə görüşmək ehtimalımız var. Ancaq biz hələlik bu rəqiblə oyun haqda fikirləşmirik. Komanda yoldaşlarımızın da belə düşündüyünü bilirəm. Bütün diqqətimizi “İnter”lə mübarizəyə yönəltmişik. Növbəti oyunlar haqda vaxtı gələndə düşünəcəyik”.
0