Avropa kuboku oyunları Bakıda keçiriləcək
06.08.2008 - 16:36
Avropa kuboku oyunları Bakıda keçiriləcək
Bakı. Mehman Süleymanov – APA-Sport. Çimərlik futbolu üzrə Avropa kuboku oyunları Bakıda keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, AFFA Azərbaycan Çimərlik Futbol Federasiyası ilə birgə qitə miqyaslı turnirin paytaxtımızda keçirilməsi üçün namizədliyini irəli sürmüş və bununla bağlı müvafiq sənədlər Peşəkar Çimərlik Futbolu Təşkilatına (PÇFT) təqdim olunmuşdu. Məsələ ilə bağlı müzakirələrdə iştirak etmək üçün AFFA-nın baş katibi Elxan Məmmədov Peşəkar Çimərlik Futbolu Təşkilatının dəvəti ilə iyulun 31-də İspaniyanın Barselona şəhərinə səfər edib. Adıçəkilən qurumla aparılan danışıqlar müsbət nəticələnib. Nəticədə çimərlik futbolu üzrə Avropa kuboku oyunlarının sentyabrın 18-dən 21-dək Bakıda keçirilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, bu turnir indiyə qədər – Sirakusa (1998, İtaliya), Alikante (1999, İspaniya), Maspalomas (2001, İspaniya), Barselona (2002, İspaniya), Lyej (2003, Belçika), Lissabon (2004, Portuqaliya), Moskva (2005, Rusiya), Neapol (2006, İtaliya) və Tarraqona (2007, İspaniya) şəhərində keçirilib.
0