Elmar Baxşıyev: “Ya “Neftçi”, ya da “Qarabağ”da oynayacağam”
06.08.2008 - 18:29
Elmar Baxşıyev: “Ya “Neftçi”, ya da “Qarabağ”da oynayacağam”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bu gün “Xəzər-Lənkəran” rəhbərliyi ilə görüşüm olub. Onlar mənim gələcək taleyimi müzakirə etməyə çağırmışdı”. Bu fikirləri “Xəzər-Lənkəran”ın transferə çıxardığı Elmar Baxşıyev dedi. Komandanın 28 yaşlı sabiq kapitanı iki komandadan birinə keçidinin gündəmdə olduğunu söyləyib: “Karyeramı ya “Neftçi”, ya da “Qarabağ”da davam etdirəcəyəm. “Xəzər-Lənkəran”la müqaviləm olduğu üçün mənə görə seçim bu kluba məxsusdur və mənə müəyyən məbləğdə pul ödəmək lazımdır. Onlar məni “Neftçi” və ya “Qarabağ”a verəcək”. Yarımmüdafiəçi “Neftçi” yaxud “Qarabağ”da oynamağa hazır olduğunu söyləyib: “Əslində, bunun mənim üçün ciddi fərqi yoxdur. “Neftçi” ən titullu, adlı-sanlı klubumuzdur. “Qarabağ”ın hazırkı baş məşqçisi Qurban Qurbanovla isə bir yerdə oynamışıq, yaxşı münasibətlərimiz var. Hazırda mənim üçün əsas oynamaq, tezliklə özümə yeni klub tapmaqdır. Çünki mövsümün başlanmasına üç gün qalıb və hələ ki fərdi məşq edirəm”.
Qeyd edək ki, ötən yay “İnter”dən “Xəzər-Lənkəran”a keçən E.Baxşıyevin hazırkı klubu ilə bir illik müqaviləsi var.
0