AFFA Roman Pokoranın cəzasını ləğv edib
08.08.2008 - 10:01
AFFA Roman Pokoranın cəzasını ləğv edib
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA-nın Apelyasiya və Ekspert Komitəsi “Simurq” klubunun baş məşqçisi Roman Pokora ilə bağlı qərar çıxarıb. “APA-Sport” agentliyinin məlumatına görə, qurum klub rəhbərliyinin 60 yaşlı ukraynalı çalışdırıcısının cəzasının ləğv olunması ilə bağlı rəsmi müraciətini müsbət cavablayıb. Qəbul edilən qərara əsasən, R.Pokora üçün intizam tədbiri olan texniki zonadan kənarlaşdırmanın çəkilməmiş hissəsindən iki aylıq sınaq müddəti təyin edilməklə azad edilib. Ukraynalı mütəxəssis tərəfindən bu iki aylıq sınaq müddətində AFFA-nın Nizam-İntizam qaydalarının hər hansı bir formada pozuntusuna yol verildikdə, ona təyin olunmuş cəza tədbirinə hazırkı çəkilməmiş kənarlaşdırma əlavə olunacaq.
Qeyd edək ki, R.Pokora ötən mövsümün sonunda Lənkəranda keçirilən “Masallı” – “Simurq” oyununu idarə edən Rövşən Əhmədovun başçılıq edən hakimlər briqadasını təhqir etdiyinə görə AFFA-nın Nizam-İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzaya və 4000 manatlıq cəriməyə məruz qalıb. “Simurq”un baş məşqçisinin iki oyunluq cəzası qaldığından, Premyer Liqanın ilk iki turunda – “Turan”la ev, NBC ilə səfər matçında texniki zonadan kənarda qalmalı idi.
0