Zaur Tağızadənin cəza problemi
08.08.2008 - 12:54
Zaur Tağızadənin cəza problemi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubunun kapitanı Zaur Tağızadə problemlə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi ilk turda “Standard”la “Şəfa” stadionunda keçiriləcək oyunu buraxacaq. Türkiyədəki müayinədən sonra ayağında cərrahiyyə əməliyyatı aparılmasına ehtiyac olmayan Z.Tağızadənin sabah meydana çıxmayacağı cəza ilə bağlıdır. Məsələ ondadır ki, Premyer Liqanın ötən mövsümünün XXIV turunda “Xəzər-Lənkəran”la Bakıdakı görüşdə birbaşa qırmızı vərəqə alan “Neftçi”nin kapitanı AFFA-nın Nizam-İntizam Komitəsi tərəfindən iki oyunluq cəzalandırılıb. Z.Tağızadə son iki turda “Qarabağ” və ABN klubları ilə matçları buraxmaqla, yeni mövsüm üçün cəzası bitmiş olacaqdı. Lakin son turda ABN “Neftçi” ilə görüşə gəlmədiyindən, matç keçirilməmiş və belə olan halda, futbolçunun cəza müddəti başa çatmayıb.
“Neftçi”nin sabahkı oyunda itkisi bununla bitmir. Belə ki, komandanın 4 futbolçusu - Samir Əliyev, Nazar Bayramov, Svetoslav Stefanov və Eşqin Quliyev zədə səbəbindən ilk turda iştirak etməyəcək.
0