Berti Foqts: “Lixtenşteynlə oyunlarda 6 xal toplamağa borcluyuq”
08.08.2008 - 14:28
Berti Foqts: “Lixtenşteynlə oyunlarda 6 xal toplamağa borcluyuq”
- Avrokuboklarda çıxış edən klublarımızın səfərdə keçirdiyi oyunların bir neçəsini izlədiniz. Komandalarımız sizə necə təsir bağışladı?
- İlk növbədə, klubların avrokuboklarda arzu olunan qədər irəliləyə bilməməsinə görə təəssüf hissi keçirdiyimi bildirmək istəyirəm. 4 klubun çıxışını müqayisə edərkən, daha çox “İnter”in yaxşı təsir bağışladığını deyə bilərəm. “Neftçi” isə İntertoto kubokunda mübarizə aparmasına baxmayaraq, Avropanın diqqətini cəlb etməyi bacardı. Çox istəyərdim ki, “Olimpik” və “Xəzər-Lənkəran” da mərhələ adlamaq sevinci yaşasın. Amma indiki məqamda bu arzumuzun gerçəkləşməməsinə görə bizə yalnız təəssüf hissi keçirmək qalır.
- Klublarımızın niyə məhz səfər oyunlarını izlədiniz? Bakıda oynanılan qarşılaşmalara baxmamağınızın səbəbi nə idi?
- Avrokuboklarda mübarizə aparan klubların heyətində milliyə cəlb olunan futbolçular çıxış edir. Onların Bakıda necə oynadıqlarına bir neçə dəfə baxmışam və bu barədə kifayət qədər geniş təsəvvürüm var. Mənim üçün həmin futbolçuların rəqib meydanında, ölkənin hüdudlarından kənarda necə oynamaqlarına baxmaq çox vacib idi. Məhz buna görə də klubların səfər oyunlarını izlədim.
- Oyunları izləməkdən söz düşmüşkən, siz bu il İsveçrə və Avstriyada keçirilən Avropa çempionatında bir çox oyunlar zamanı stadionda olmusunuz. 2010-cu il dünya seçmə mərhələsində millimizin rəqibləri olan Almaniya və Rusiya yığmalarının oyunlarını canlı izləmisiniz. Necə düşünürsünüz, qarşıdakı tsikldə millimiz bu komandalara qarşı necə çıxış edəcək?
- İndiki məqamda Azərbaycan futbolunun səviyyəsinin Almaniya və Rusiya ilə müqayisə edilməsi düzgün olmazdı. Bu məsələyə real yanaşmaq lazımdır. Hər iki komandaya qarşı istər Bakıda, istərsə də səfərdə oynamaq çətin olacaq. Amma düşünürəm ki, Bakıda Rusiya yığmasının kefini poza bilərik. Bundan əlavə, seçmə mərhələ barədə danışarkən, yalnız Almaniya və Rusiya yığmalarının qabardılması ilə razı deyiləm. Məsələn, Finlandiya millisinin bir neçə oyunçusu Bundesliqada, Uels yığmasının bəzi futbolçuları isə İngiltərə Premyer Liqasında çıxış edirlər. Bu fakt özlüyündə hansısa mənada həmin yığmaların səviyyəsi barədə mülahizə yürütmək üçün bizə şərait yaradır. Yəni futbolda asan rəqiblərin olması barədə fikirlə razı deyiləm.
- Qrupumuzda yer alan bütün komandalar barədə fikrinizi bildirdiniz. Yalnız Lixtenşteyn millisi haqda danışmadınız…
- Lixtenşteyn yığması ilə oyunlarda 6 xal toplamağa borcluyuq. Bu barədə artıq heç nə demək istəmirəm. Bayaq qeyd etdiyim kimi, Uels və Finlandiya komandalarına qarşı yaxşı oyun nümayiş etdirməliyik. Sözsüz ki, hazırlıq prosesindən çox şey asılı olacaq.
- Bildiyimizə görə, millinin hazırlıq prosesi ilə bağlı proqramınızda hər ay təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulub. Bu, doğrudanmı belədir?
- Bəli. Burada təəccüb doğuran nə var ki?
- Son vaxtlar mətbuatda bəzi klub məşqçilərinin bununla əlaqədar narazılıqlarını ifadə edən fikirlərə rast gəlirik. Fikrinizcə, futbolçuların hər ay millinin təlim-məşq toplanışına cəlb olunması klublara mənfi təsir edə bilərmi?
- Ayda 4 həftə var. Mənə 4 həftənin yalnız 1-i lazımdır. Bəyəm bu çoxdur? Qəribədir, Azərbaycan millisinin baş məşqçisi təyin olunduğum ilk vaxtlarda bəzi mətbu orqanlar Bakıda az vaxt keçirdiyimi bildirirdilər, indi isə futbolçulara çox məşq keçmək istədiyimə görə narazılıqlar baş qaldırır. Mən bu addımı futbolçuların, klubların və millinin mənafeyi naminə atıram, özümün maraqlarıma görə yox.
- İcraiyyə Komitəsinin son iclasında legioner limitinin ləğvi ilə bağlı qərar qəbul edilib. Buna münasibətiniz necədir?
- Bu məsələyə iki prizmadan yanaşmaq olar – milli komandanın və klubların maraqları. Sözsüz ki, bu qərar klubların xeyrinədir və onlar heyətlərini yüksək səviyyəli legioner futbolçularla gücləndirə bilərlər. Amma bu, milli üçün seçim imkanını nisbətən məhdudlaşdıracaq. Mən klubları başa düşürəm, amma istənilən ölkənin bir nömrəli təmsilçisi milli komandadır. Hesab edirəm ki, klublarımız bunu nəzərə alacaqlar və heyətlərində gənc, perspektivli yerli futbolçulara yer verəcəklər. Ümumiyyətlə, legioner limiti ilə bağlı məsələ geniş müzakirə mövzusudur və dünyanın bütün ölkələrində uzun illər ərzində müxtəlif sistemlər tətbiq olunub. Azərbaycanda da indi bu proses gedir. Ümidvaram ki, aparılan islahatlar ölkə futbolunun inkişafına səbəb olacaq.
- Rəhbərliyiniz altında millimiz artıq iki yoldaşlıq görüşü keçirib. Andorra və Bosniya və Herseqovina yığması ilə oyunlardan əvvəl bildirmişdiniz ki, sizi düşündürən qarşılaşmaların nəticəsi deyil, futbolçuların meydanda necə təsir bağışlamasıdır. İslandiya yığması ilə oyundan əvvəl bu məsələ ilə bağlı fikirləriniz dəyişməyib ki?
- Sözsüz ki, daha yaxşı oynayıb qələbə qazanmalıyıq. Artıq bu barədə daha ciddi düşünməyin vaxtıdır. Çünki İslandiya yığmasına qarşı oynayacaq futbolçulardan 7, yaxud 8 nəfəri, çox güman ki, 2010-cu il dünya çempionatının seçmə mərhələsində Uelslə qarşılaşmada əsas heyətdə çıxış edəcəklər.
- Açıqladığınız son heyətdə hər hansı dəyişiklik ediləcəkmi?
- Futbolçulardan zədə alanı olmasa, heyətdə dəyişiklik etmək fikrim yoxdur.
- “İnter”in Makedoniyada “Rabotniçki” ilə oyunundan sonra Elvin Məmmədovun çıxışını bəyənməyinizlə bağlı mətbuatda fikirləriniz dərc olunmuşdu. Amma açıqladığınız heyətdə onun adına rast gəlmədik…
- Mən bütövlükdə Elvin Məmmədovun oyununu bəyəndiyimi yox, onun qol epizodunun yaradılmasındakı əməyini xüsusi vurğulamışdım. Elvin 21 yaşlı futbolçulardan ibarət yığma komandanın üzvüdür və yaxşı futbolçudur. Bu tempdə davam etsə və öz üzərində daha çox çalışsa, düşünürəm ki, əsas milliyə də dəvət olunacaq.
0