Beş klub çətin vəziyyətdə qalıb
08.08.2008 - 15:16
Beş klub çətin vəziyyətdə qalıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Premyer Liqanın ilk turundan sonra futbolçuları bir araya gətirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, yığmada oyunçuları olan klublar ikinci turun matçlarına hazırlıq prosesində 4 gün onların xidmətindən yararlana bilməyəcək. Bu, almaniyalı mütəxəssisin avqustun 11-dən etibarən keçəcəyi təlim-məşq toplanışı ilə bağlıdır. Həmin gün saat 10:00-da “Holiday İnn” otelində yığışacaq futbolçular bir saat sonra məşqə çıxacaqlar. Sonrakı günlər isə məşqlər artıq iki dəfə olacaq. Millinin hazırlıq prosesinin avqustun 12-də 11:00 və 18:30, 13-də 10:30 və 18:30, 14-də 10:30 və 17:30-da keçirilməsi nəzərdə tutulub. Avqustun 15-də geri qayıdacaq milli üzvləri klubları ilə birgə ikinci turun matçlarına çox az müddətdə hazırlaşacaq. Millidə futbolçuların böyük əksəriyyəti “Neftçi”, “Bakı”, “İnter”, “Qarabağ”, “Olimpik”də yer alıblar və təqvimə görə, bu klubların ikinci turdakı oyunları avqustun 16-da keçiriləcək. Bu isə o deməkdir ki, adıçəkilən komandalar milliyə çağırılan futbolçularla ikinci turun matçına yalnız bir gün - avqustun 15-də hazırlıq keçə biləcəklər. Bu görüşlərdən sonra yenidən millinin düşərgəsinə yollanacaq futbolçular İslandiya yığması ilə avqustun 20-də səfərdə keçiriləcək yoldaşlıq görüşünə hazırlığı davam etdirəcək. Bu zaman yalnız avqustun 18-də 10:30-da keçiriləcək məşqlə Bakıdakı hazırlıq prosesi başa çatacaq. Belə ki, 19-da səhər çarter reysilə İslandiyaya yollanacaq milli üzvləri son məşqini həmin gün Reykyavikdə keçəcək.
Qeyd edək ki, B.Foqts əvvəlki hazırlıq prosesində olduğu kimi, məşqləri Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçəcək.
0