Valentin Xodukin: “Görünür, bizi belə sevirlər”
08.08.2008 - 16:10
Valentin Xodukin: “Görünür, bizi belə sevirlər”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Azərbaycan bayrağı Serbiyada dalğalananda yaxşı idi. Amma ölkə çempionunun ilk turdakı oyununun təxirə salınmağı ilə rəsmi müraciəti qəbul olunmur”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Azərbaycan Premyer Liqasının ilk turunda “Olimpik”lə avqustun 10-da nəzərdə tutulan görüşün başqa vaxta keçirilməməyindən narazı qalan 69 yaşlı ukraynalı mütəxəssis göstərilən münasibətdən gileylidir: “Komandam Çempionlar Liqasında oynayanda hamı əl çalırdı. Ancaq elə ki turnirdə çıxışımızı başa vurduq, hər kəs üzünü çevirib, evinə getdi. Məsələyə fizioloji nöqteyi-nəzərdən yanaşsaq, insan orqanizminə bərpa prosesi üçün 72 saat yetərli deyil. Özü də nəzərə alaq ki, “Partizan”la ağır oyunumuz olub və 8 zədəli futbolçumuz var. Belqraddakı görüşdə xəsarət alan 5 oyunçunu bərpa etməliyəm. Belə çıxır ki, “Olimpik”lə oyun üçün məşq keçə bilməyəcəyəm”. V.Xodukin oyunu rəqibə görə başqa vaxta keçirilməməyini düzgün saymır: “Deyirlər ki, “Olimpik” matçın təxirə salınmasına razı olmayıb. Axı bu məsələdə əsas söz sahibi təşkilatçı qurumdur. Oyunun təxirə salınmağına “İnter”, “Olimpik”, yaxud başqa klub qərar vermir. Bunu çempionatı keçirən təşkilat edir. O, klubların fikrindən asılı olmayaraq, görüşün başqa vaxta keçirilməsi ilə bağlı qərar çıxarmaq hüququna malikdir. Ancaq “İnter”in oyunu ilə bağlı bunu etmədilər. Görünür, bizi belə sevirlər. Hər halda, mən onlara minnətdarlığımı bildirirəm”. “İnter”in baş məşqçisi kiminsə marağının güdülməsi ilə bağlı sualı belə cavablandırıb: “Mən bu haqda heç düşünmək belə istəmirəm. Matç başqa vaxta təxirə salınmadısa, çıxıb oynamalıyıq. Məgər başqa çıxış yolumuz var? Gənclərlə oynamağa məcburuq”.
Qeyd edək ki, “Şəfa” stadionunda keçiriləcək “Olimpik” – “İnter” görüşü saat 19:00-da başlayacaq.


0