“Neftçi” futbol üzrə Azərbaycan çempionatına məğlubiyyətlə başlayıb
10.08.2008 - 11:52
“Neftçi” futbol üzrə Azərbaycan çempionatına məğlubiyyətlə başlayıb
“APA-Sport” agentliyinin məlumatına görə, Premyer Liqanın bürünc mükafatçısı olan “Neftçi” XVII mövsümə məğlubiyyətlə başlayıb. Ukraynalı mütəxəssis Anatoli Demyanenkonun komandası minimal hesabla uduzub – 0:1. Moldovanın olimpiya yığmasının hücumçusu Dan Pisla 45-ci dəqiqədə topu Vladimir Miçoviçin ayaqları arasından tora göndərib.

Qeyd edək ki, “Neftçi” ardıcıl ikinci ildir, mövsümə məğlubiyyətlə başlayır. Dördqat Azərbaycan çempionu ötən mövsüm Tofiq Bəhramov adına Respublika stadionunda Tovuzun “Turan” klubuna minimal hesabla uduzmuşdu – 1:2.

Həmin vaxt “Neftçi”ni çalışdıran Qurban Qurbanov bu dəfə həmin arenaya “Qarabağ”ın baş məşqçisi kimi çıxıb və debütünü elə həmin hesablı qələbə ilə qeyd edib. Ağdam klubunun yeni transferlərindən olan Makedoniya yığmasının sabiq kapitanı Artim Şakiri debüt matçında qol hesabını açıb. Üçillik fasilədən sonra güclülər dəstəsinə qayıdan “Bakılı”nın yeni gürcüstanlı hücumçusu David Kakiaşvili də ilk qolunu vurub. “Qarabağ”ın “Bakılı” ilə oyun ərəfəsində transfer etdiyi milli komandanın üzvləri Zaur Ramazanovla Emin İmaməliyev də bu görüşdə meydana çıxıb.

Mövsümün ilk böyük hesablı qələbəsi isə Qəbələdə qeydə alınıb. “Qəbələ” güclülər dəstəsində ilk oyununu keçirən Salyanın NBC klubunu məğlub edib - 4:1. “Bakı”nın sabiq hücumçusu Fərid Quliyev NBC-nin Premyer Liqada ilk qolunun müəllifi olub.

İlk tura bu gün keçiriləcək “Karvan” - “Xəzər-Lənkəran”, “Olimpik” - “İnter”, “Bakı” - MOİK və “Simurq” - “Turan” görüşü ilə yekun vurulacaq.

9 avqust
“Bakılı” – “Qarabağ” – 1:2
David Kakiaşvili, 63-pen - Artim Şakiri, 24, Viktor İbekoyi, 81

“Qəbələ” – NBC – 4:1
Kənan Kərimov, 2, 67, Anatoli Tebloyev, 25, Samir Zərgərov, 87 – Fərid Quliyev, 78

“Standard” – “Neftçi” – 1:0
Dan Pisla, 45
0