Futbol üzrə Azərbaycan çempionatının ilk turunun oyunları keçirilib
11.08.2008 - 11:00
Futbol üzrə Azərbaycan çempionatının ilk turunun oyunları keçirilib
Bakı. Mehman Süleymanov – APA-Sport. Avqustun 10-da keçirilən dörd oyunla Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Premyer Liqada son mövsümün qızıl və gümüş mükafatçıları olan “İnter”lə “Olimpik”in “Şəfa” stadionundakı görüşündə qalib müəyyənləşməyib. Azərbaycan çempionu mövsümə qələbə ilə başlamağa yaxın olsa da, oyunun sonuna 4 dəqiqə qalmış buraxdığı qolla mövsümə xal itkisi ilə başlamalı olub. “İnter”in yarımmüdafiəçisi Asif Məmmədov və “Olimpik”in braziliyalı hücumçusu Leandro Qomeş yeni klublarının heyətində Premyer Liqada debütünü qolla qeyd ediblər. Son iki mövsümdə Azərbaycan kubokunun qalibi olan “Xəzər-Lənkəran” isə mövsümə məğlubiyyətlə başlayıb. Çempionatın startına bir həftə qalmış Lənkəran klubunun baş məşqçi postuna qayıdan türkiyəli mütəxəssis Rasim Karanın yetirmələri Yevlaxda “Karvan” klubuna uduzublar. Çempionluğa əsas namizədlərdən olan “Bakı” üç illik fasilədən sonra güclülər dəstəsinə qayıdan MOİK klubunu öz meydanında çətinliklə məğlub edib. İkinci hissədə meydana daxil olan nigeriyalı hücumçu Əhməd Ticani qələbə topunu matçın sonuna saniyələr qalarkən vurub. Zaqatalanın “Simurq” klubu da ev oyunlarını keçirdiyi Qaxda “Turan” üzərində əzmkar qələbə qazanıb.

9 avqust
“Bakılı” – “Qarabağ” – 1:2

David Kokiaşvili, 63-pen - Artim Şakiri, 24, Viktor İbekoyi, 80

“Qəbələ” – NBC – 4:1
Kənan Kərimov, 2, 65, Anatoli Tebloyev, 26, Samir Zərgərov, 87 – Fərid Quliyev, 77

“Standard” – “Neftçi” – 1:0
Dan Pisla, 45+1

10 avqust
“Karvan” – “Xəzər-Lənkəran” – 1:0

Süleyman Kamara, 21-pen

“Olimpik” – “İnter” – 1:1
Asif Məmmədov, 30 – Leandro Qomeş, 86

“Bakı” – MOİK – 1:0
Əhməd Ticani, 90+3

“Simurq” – “Turan” – 3:1
Elşən Məmmədov, 64, Vladimir Mazyar, 69, 73 - Pol Akpon, 10

Qeyd edək ki, 2-ci turun oyunları avqustun 16-17-də keçiriləcək: “Xəzər-Lənkəran” – “Turan”, “Neftçi” – “Bakı”, “İnter” – “Standard”, “Qarabağ” – “Olimpik”, NBC – “Simurq”, MOİK – “Qəbələ”, “Karvan” – “Bakılı”.
0