Berti Foqts futbolçuların fiziki hazırlığındakı problemləri komandaların baş məşqçiləri ilə müzakirə edəcək
11.08.2008 - 15:53
Berti Foqts futbolçuların fiziki hazırlığındakı problemləri komandaların baş məşqçiləri ilə müzakirə edəcək
“APA-Sport”un məlumatına görə, milli və klub komandalarının əlaqəli çalışmasını vacib hesab edən 62 yaşlı almaniyalı mütəxəssis həmkarları ilə futbolçuların hazırlıq durumunu müzakirə etmək fikrindədir: “Futbolçunun fiziki hazırlığından çox şey asılıdır. Bura sürət, dözümlülük, tullanmaq gücü kimi meyarla daxildir. Məndə millinin üzvlərinin bu meyarlar üzrə göstəriciləri var. Onları görəndə şoka düşdüm. Bunu mətbuat nümayəndələri üçün açıqlamağı məqsədəuyğun saymıram. Sadəcə, onu deyə bilərəm ki, bu, sizləri sevindirməyəcək. Baş məşqçilərlə çərşənbə günü keçirəcəyim görüşdə bu mövzuda fikir mübadiləsi aparacağam. Futbolçunun hazırlıq səviyyəsi istədiyim kimi olsaydı, turun oyunları arasında niyə təlim-məşq toplanışı keçirirdim? Azərbaycan Premyer Liqasının ilk turunda yüksək səviyyəli oyun görmədim. Meydanda qaçmaq, sürətli oynamaq lazımdır”. Avqustun 20-də İslandiya yığması ilə səfərdə yoldaşlıq görüşü keçirəcək Azərbaycan milli komandasının çalışdırıcısı 2010-cu il dünya çempionatının seçmə mərhələsinə qədər daha bir sınaq matçının keçirilməsi məsələsini qaldırıb: “Yəqin ki, İslandiya ilə oyun seçmə mərhələ öncəsi son sınaq olmayacaq. Daha bir yoldaşlıq görüşü keçirilməsinə çalışırıq və bu məsələyə yaxın günlərdə aydınlıq gələcək. İslandiya yığmasının heyətində ucaboylu futbolçular çoxluq təşkil edir. Rəqibimiz uzun ötürmələrdən tez-tez istifadə edir. Sentyabrın 6-da Uels yığması ilə səfərdə keçirəcəyimiz rəsmi matç öncəsi belə oyun üslubuna malik komanda ilə yoxlama oyunu bizə faydalı olacaq”. B. Foqts qarşıdakı seçmə mərhələ ilə bağlı nikbinliyini itirdiyini düşünənlərin yanıldığını söyləyib: “Gəldiyim ilk vaxtla müqayisədə iddiamın azaldığını, bədbinləşdiyimi düşünənlər səhv edir. Dediyim fikrin üstündə qalıram. Qrupumuzun favoritləri olan Rusiyanı hirsləndirmək, Almaniyadan isə öyrənmək fikrindəyik. Digər rəqiblərimizlə təxminən bərabər səviyyədəyik. Finlandiya və Uels yığmaları ilə Bakıdakı oyunlarda nəticə qazanmaq realdır. Lixtenşteyn yığması ilə görüşlərdə isə 6 xal toplamağa borcluyuq”.


0