“Neftçi” “Qalatasaray” və “Beşiktaş”ın keçmiş oyunçularını transfer edib
12.08.2008 - 11:04
“Neftçi” “Qalatasaray” və “Beşiktaş”ın keçmiş oyunçularını transfer edib
1981-ci il avqustun 3-də Samsun şəhərində anadan olan S. Usta 1,86 metr boya, 84 kiloqram çəkiyə malikdir. Peşəkar futbolçu karyerasına Hollandiyada başlayan futbolçu bu ölkənin ən titullu komandalarından olan PSV-də forma geyib. Sonradan vətəninə qayıdan S. Usta bir müddət “Qalatasaray”da çıxış edib. Ancaq Fatih Terimin komandanı çalışdırdığı vaxtda əsas heyətdə möhkəmlənə bilməyən müdafiəçi karyerasını “Sakaryaspor” komandasında davam etdirməli olub. Son mövsümü “Çaykur Rizəspor” komandasında keçirən S. Usta 22 oyunda 4 sarı vərəqə alıb.

1982-ci il sentyabrın 18-də anadan olan Əli Cansun isə 1,85 metr boya, 73 kiloqram çəkiyə malikdir. “Beşiktaş” və “Antalyaspor”da çıxış edən hücumçu son mövsümü “Qaziantepspor”da keçirib. 13 görüşdə meydana çıxan Ə. Cansunun hesabında 3 qol, 3 sarı vərəqə var.

“Neftçi”nin yeni futbolçuları Türkiyənin Olimpiya yığmasının şərəfini də qoruyublar. S. Usta 2002-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyənin Azərbaycan yığmasını məğlub etdiyi hər iki rəsmi oyunda (2:1 və 3:0) çıxış edib. S. Usta ilə Ə. Cansun “Neftçi”nin heyətində çıxış edəcək ilk türkiyəli futbolçular olacaq. Onlar Premyer Liqanın 2-ci turu çərçivəsində avqustun 16-da “Bakı” ilə oyunda debüt edəcəklər.

Qeyd edək ki, “Neftçi” hazırlığına cəlb etdiyi digər türkiyəli futbolçu – Ləvənt Qartopla münasibətlərini hələ rəsmiləşdirməyib.


0