Azərbaycan milli futbol komandası sabah İslandiya yığması ilə qarşılaşacaq
19.08.2008 - 09:56
Azərbaycan milli futbol komandası sabah İslandiya yığması ilə qarşılaşacaq
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan milli futbol komandası sabah növbəti yoxlama oyununu keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, Reykyavikdə İslandiyanın qonağı olacaq yığmamız almaniyalı mütəxəssis Berti Foqtsun rəhbərliyi altında üçüncü oyununa çıxacaq. Yeni çalışdırıcının rəhbərliyi altında əvvəlki iki oyunu da səfərdə keçirən millimiz Bosniya və Herseqovina (0:1) və Andorra (2:1) ilə qarşılaşıb. Bosniya Herseqovina kimi, İslandiya da yığmamızın rəqibləri siyahısında yeni komandadır. İndiyədək 46 komanda ilə görüşən millimiz ilk dəfə Olafur Yohanessonun yetirmələri ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00.45-də başlayacaq və AzTV ilə canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan millisi növbəti yoxlama oyununu da səfərdə avqustun 27-də İrana qarşı keçirəcək.
0