Rəşad Sadıqov: “Psixoloji baryeri aşmaq üçün İslandiya yığmasına qalib gəlməliyik”
19.08.2008 - 11:31
Rəşad Sadıqov: “Psixoloji baryeri aşmaq üçün İslandiya yığmasına qalib gəlməliyik”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın futbol üzrə milli komandasının kapitanı Rəşad Sadıqov deyib. 26 yaşlı müdafiəçi İslandiyaya ikinci səfərindən də qələbə ilə dönmək arzusundadır. 2005-ci ildə “Neftçi”nin heyətində Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Hafnarfyordur”la mübarizə aparmış R.Sadıqov İslandiyada cavab matçının çətin alındığını söyləyib: “Bu, yığmalar arasında ilk oyun olsa da, klub səviyyəsində artıq iki dəfə qarşılaşmışıq. İslandiya çempionu “Hafnarfyordur”u hər iki matçda üstələmişik. Bu komanda Bakıda zəif çıxış etməsinə baxmayaraq, öz meydanında güclü komanda təsiri bağışlamışdı. Hətta matçın ilk 15-20 dəqiqəsində mərkəz xəttini keçə bilmirdik. Sonra rəqibi əks-hücumlarda yaxalayaraq, 2:1 hesablı qələbə qazandıq”. Futbol bildirib ki, avqustun 27-nə daha bir yoldaşlıq görüşünün təyin olunması təqdirəlayiqdir: “Sentyabrda bizi dünya çempionatının seçmə mərhələsində vacib oyunlar gözləyir. Sevindirici haldır ki, yaxın günlərdə daha bir yoldaşlıq görüşündə qüvvəmizi sınayacağıq. Avqustun 27-də İranla keçirəcəyimiz qarşılaşma seçmə mərhələ öncəsi bir-birimizə uyğunlaşmağımıza, öz oyunumuzu tapmağımıza imkan yaradacaq”.
Qeyd edək ki, İslandiya – Azərbaycan matçı sabah Reykyavikdə oynanılacaq.
0