Azərbaycan – Farer adaları oyununu Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək
19.08.2008 - 12:34
Azərbaycan – Farer adaları oyununu Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycanın gənclərdən ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, sentyabrın 6-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Farer adaları qarşılaşmasının baş hakimi Sinişa Zrniç olacaq. 2001-ci ildən FİFA hakimi olan 38 yaşlı bosniyalı beynəlxalq arenada əsasən gənclərin oyunlarına təyinat alıb. Son Avropa çempionatının seçmə mərhələsində yalnız bir dəfə - İsrail – Andorra qarşılaşmasını idarə edib və meydan sahiblərinin 4:1 hesablı qələbəsini qeydə alıb. İki ay əvvəl UEFA kubokunun “MTZ-RİPO” (Belarus) – “Jilina” (Slovakiya) matçının baş hakimi olan S. Zrniçə qiymət verən hakim inspektor isə Azərbaycan təmsilçisi Asim Xudiyev olub. Azərbaycan – Farer adaları oyunda hakim köməkçiləri isə Draqo Kule, Mato Staniç, Elmir Aleskoviç olacaq. Bosniya və Herseqovinadan olan hakimlərin işinə türkiyəli hakim inspektor Mühitdin Bosat qiymət verəcək.
0