Rauf Mehdiyev: “Qudyonssenin çıxışını diqqətlə izləmişəm”
19.08.2008 - 13:24
Rauf  Mehdiyev: “Qudyonssenin çıxışını diqqətlə izləmişəm”
Reykyavik. Aqşin Əliyev - APA-Sport. “Yığmanın düşərgəsində çox yaxşı əhval-ruhiyyə var. İslandiya ilə oyunda ancaq və ancaq qələbə qazanmağa köklənmişik”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının üzvü Rauf Mehdiyev deyib. 32 yaşlı qapıçı bildirib ki, yığmamızın avqustun 20-də beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Reyvyavikdə qarşılaşacağı İslandiya doğma meydanda güclü oyun nümayiş etdirir: “Rəqib komandadan təkcə Eydur Qudyonsseni tanıyıram. Həmişə səviyyəli klublarda forma geyinən bu futbolçunun çıxışını diqqətlə izləmişəm. İslandiyanın heyətində yer alan digər futbolçulardan isə xəbərim yoxdur. Yəni, rəqib haqda geniş informasiyaya malik deyiləm. Bununla yanaşı, İslandiyanın öz meydanında yaxşı oynadığını bilirəm”. Bakının “Olimpik” komandasının da şərəfini qoruyan R.Mehdiyev yığmanın sentyabrda start götürəcək dünya çempionatının seçmə qrup mərhələsinə hazırlığını qənaətbəxş sayıb: “Fikrimcə, milli komandamız dünya çempionatının seçmə matçlarına 80 faiz hazırdır. Yəqin ki, yığmamız ən yüksək hazırlıq səviyyəsinə seçmə mərhələnin gedişində nail olacaq”.


0