AFFA “Neftçi”ni cəzalandırıb
19.08.2008 - 14:12
AFFA “Neftçi”ni cəzalandırıb
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Bu gün AFFA Nizam İntizam Komitəsinin növbəti iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, komitə üzvləri Azərbaycan Premyer Liqasının ikinci turunda baş verən xoşagəlməz olaylara qiymət verib. Mövsümün ilk qırmızı vərəqəsini alan Vladimir Olefir “Neftçi”ni 2000 manat ziyana salıb. Flaqmanın “Bakı” ilə görüşündə bilərək rəqibi vurub meydandan qovulan müdafiəçi həm də iki oyunluq diskvalifikasiya olunub. NBC - “Simurq” qarşılaşmasında 5 oyunçusu sarı vərəqə alan meydan sahibləri isə 1000 manat ödəməli olacaq. Bu klubların əvəzedici heyətlərinin görüşündə meydandan qovulan Aslan Hüseynov da salyanlıları ziyana salıb. İkinci xəbərdarlığa görə qırmızı vərəqə alan futbolçu bir oyunluq kənarlaşdırılıb, NBC isə 100 manat cərimə olunub. “İnter” və “Standard”ın əvəzediciləri arasında keçirilən qarşılaşmada isə meydan sahiblərinin 4, qonaqların 5 oyunçusu sarı vərəqə aldığı üçün klublar hərəyə 500 manat cərimələnib.
Qeyd edək ki, bugünkü iclasda kəsilən cərimələrin məbləği ümumilikdə 4100 manat təşkil edib. Mövsümün startından AFFA klubları 9400 manat məbləğində cərimələyib.
0