Elxan Məmmədov: “Gələn il milli komandamızın Türkiyə ilə yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub”
19.08.2008 - 14:25
Elxan Məmmədov: “Gələn il milli komandamızın Türkiyə ilə yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub”
Onun sözlərinə görə, yoxlama matçlarında qarşılaşacağımız rəqiblərlə ilkin razılıq əldə olunub: “Türkiyə yığmasını 2006-cı ildə Bakıda qəbul etmişik. Çox güman ki, gələn il komandalar arasında təkrar oyun Türkiyədə keçiriləcək. Eyni zamanda, bir müddət öncə oynadığımız digər yığmalarla da yoxlama matçlarının təşkil ediləcəyi gözlənilir. Bir məqamı da nəzərə almaq lazımdır ki, 2009-cu ildə FİFA tərəfindən yoldaşlıq görüşlərinə ayrılmış 6 iyun və 19 avqust tarixlərində yığmamız rəsmi matçlara çıxacaq”. Hazırda İslandiyanın paytaxtı Reykyavikdə olan E.Məmmədov avqustun 20-də bu ölkənin milli komandası ilə keçirələcək beynəlxalq yoldaşlıq matçının xüsusi önəm kəsb etdiyini bildirib: “İslandiyanın oyun üslubu sentyabrın 6-da dünya çempionatının seçmə qrup mərhələsində qarşılaşacağımız Uels yığmasına oxşardır. Təbii ki, yığmamızın həmişə qələbə qazanmasını istəmişəm. Ancaq yoldaşlıq matçında nəticə yox, oyunçuların baş məşqçinin tapşırıqlarını yerinə yetirmələri əsas sayılır. İstər İslandiya, istərsə də İranla görüşlərdə Berti Foqtsun futbolçuları bir daha sınamaq imkanı olacaq”. Baş katib vurğulayıb ki, islandiyalıların gələn il Bakıya gələcəkləri istisna deyil: “Hələ bir neçə ay öncə biz qarşı tərəfə müraciət etmişik. Oyunqabağı İslandiya Futbol Assosiasiyasının rəsmiləri ilə görüşlərimiz zamanı bir daha bu məsələ barədə fikir mübadiləsi aparacağıq”. E.Məmmədov onu da əlavə edib ki, futbolçularımız avqustun 27-də səfərdə İrana qarşı keçiriləcək növbəti yoldaşlıq oyununun hazırlığına matça 2 gün qalmış başlayacaqlar. Dünya çempionatının seçmə qrup mərhələsinin ilk turunda Uelslə oyunun hazırlığı isə sentyabrın 1-də start götürəcək.
0