Branimir Subaşiç: “Yığmamızın İslandiyada ən azı heç-heçəyə nail olacağına inanıram”
19.08.2008 - 18:58
Branimir Subaşiç: “Yığmamızın İslandiyada ən azı heç-heçəyə nail olacağına inanıram”
Reykyavik. Aqşin Əliyev - APA-Sport. “Milli komandaya dünən axşam qoşulmuşam. Hər şey qaydasındadır, sadəcə, özümü bir qədər yorğun hiss edirəm”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan futbol yığmasının hücumçusu Branimir Subaşiç deyib. Serbiyalı legioner bildirib ki, avqustun 20-də İslandiyaya qarşı mübarizə aparacaq milli komandanın üzvləri yüksək əhval-ruhiyyədədir: “Bu gün səhər ilk məşqə çıxdım. 2-3 aylıq fasilədən sonra dostlarımı, tanış simaları gördüyüm üçün çox şadam. Düşərgəyə yorğun gəlsəm də, oynamağa hazıram. İslandiya ilə matçda forma geyinib-geyinməyəcəyimi isə baş məşqçi müəyyənləşdirəcək”. 26 yaşlı futbolçu yığmamızın səfərdə uğurlu nəticə qazanacağına inamını ifadə edib: “Düzdür, nəticə hazırlıqdan asılıdır. Ancaq istənilən halda, islandiyalılara qalib gəlməliyik. Burada ən azı heç-heçə oynayacağımıza inanıram”. Hazırda Serbiyanın “Srvena Zvezda” klubunda çıxış edən B.Subaşiç keçmiş komandası “Neftçi”nin mövcud durumundan xəbərdar olduğunu söyləyib. O, Azərbaycan Premyer Liqasının startında ardıcıl iki məğlubiyyətə düçar olan “flaqman”ın tezliklə bu vəziyyətdən çıxacağını inandığını vurğulayıb: “Neftçi”nin oyunlarını izləyirəm, sabiq komanda yoldaşlarımla əlaqə saxlayıram. Açığı, çempionatdakı uğursuzluğun səbəbini deyə bilmirəm. Ümidvaram ki, “Neftçi” yaxın vaxtlarda bu xoşagəlməz haldan yaxa qurtaracaq”.
0