Mattias Zammer: “Azərbaycanla oyun həm Almaniya, həm də Rusiya üçün xüsusi əhəmiyyət daşıyacaq”
21.08.2008 - 12:58
Mattias Zammer: “Azərbaycanla oyun həm Almaniya, həm də Rusiya üçün xüsusi əhəmiyyət daşıyacaq”
Bakı. Elşən Məmmədov – APA-Sport. «Dünya çempionatının 4-cü seçmə qrupunun favoritləri qismində Rusiya və Almaniya millilərini görürəm. Lakin bütün yığmalara hörmətlə yanaşmaq lazımdır». «APA-Sport» agentliyinin məlumatına görə, bu sözləri Rusiyanın «Sport-Ekspress» qəzetinə müsahibəsində Almaniya Futbol Federasiyasının idman direktoru Mattias Zammer deyib. 41 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan yığması ilə qarşılaşmalar xüsusi əhəmiyyətə malik olacaq: «Uels və Finlandiya milliləri ilə səfər görüşləri yəqin ki, çox ağır keçəcək. Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycan yığmasını da unutmamalıyıq. Bu komanda ilə oyunlar həm Almaniya, həm də Rusiya üçün xüsusi əhəmiyyət daşıyacaq. Əslində Lixtenşteynin də imkanlarını qiymətləndirməmək düzgün olmazdı. Bu komandadan sürpriz gözləməyə dəyər». M. Zammer, həmçinin bildirib ki, favoritlər seçmə qrup mərhələsini dəf etmək üçün keçirdikləri oyunlarını qələbə ilə başa vurmalıdırlar.
0