Uels yığmasının hücumçusu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”
21.08.2008 - 16:07
Uels yığmasının hücumçusu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Sentyabrın 6-da Azərbaycan millisi ilə keçirəcəyimiz oyunda 3 xal qazanmalıyıq. Dünya çempionatının seçmə mərhələsinə evdə qələbə ilə başlamağa köklənirik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Uels milli futbol komandasının hücumçusu Pol Perri deyib. Gürcüstan yığmasına 1:2 hesabı ilə uduzan britaniyalıların 28 yaşlı oyunçusu 18 aylıq fasilədən sonra komandaya dönüşünün məğlubiyyətlə əlamətdar olduğuna üzülüb. Lakin “Kardiff Siti” klubunda çıxış edən P.Perri dünya çempionatının seçmə mərhələsinin millimizə qarşı keçirəcəkləri ilk matça nikbin baxır: “Azərbaycanla oyuna köklənmək üçün beynimizdə Gürcüstana məğlubiyyətdən yaranan pis fikirləri kənara qoymalıyıq. Uzun fasilədən sonra milliyə qayıtmağıma sevinirəm. Lakin seçmə mərhələnin startına kimi həm bir-birimizə öyrəşməli, həm də öyrənməliyik”.
0