Mahmud Qurbanov: “Klubumu dəyişəcəyim istisna deyil”
22.08.2008 - 17:38
Mahmud Qurbanov: “Klubumu dəyişəcəyim istisna deyil”
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “İnter” klubundan heç yerə getmirəm. Komandamı dəyişmək fikrim yoxdur”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib. 35 yaşlı futbolçu qarşıdakı günlərdə fikrini dəyişəcəyini istisna etməyib: “Transfer pəncərəsi”nin bağlanmasına bir neçə gün qalıb. Yəqin ki, bu müddətdə bir çox oyunçular başqa komandalara transfer olacaqlar. Çempionatın ilk iki turunda oynamamışam. Məhz buna əsasən “İnter”i tərk edəcəyimi söyləmək düzgün deyil. Bu klubla dekabradək müqaviləm var”. M.Qurbanov bildirib ki, Premyer Liqada hələ debüt etməməsi “İnter”də oyunçuların çoxluğu ilə əlaqədardır: “Komandada kifayət qədər futbolçu olduğundan baş məşqçimiz onlara da şans verir. Deməzdim ki, klubda güclü rəqabət var. Sadəcə say çoxdur, o cümlədən legionerlər kifayət qədərdir. Məşqçilərlə hər hansısa problemim yoxdur. “Bakı” ilə forma geyinib-geyinməyəcəyimi deyə bilmərəm. Buna baş məşqçi qərar verəcək. Oyuna hazıram, lazım bilsələr meydana çıxacağam”.
Qeyd edək ki, M.Qurbanov ötən il “transfer pəncərəsi”nin bağlanmasına bir neçə gün qalmış “Xəzər-Lənkəran”dan “İnter”ə keçib.
0