Rusiyada Anatoli Banişevskinin xatirə turniri keçiriləcək
22.08.2008 - 17:57
Rusiyada Anatoli Banişevskinin xatirə turniri keçiriləcək
Nijni Novqorod. Elşən Məmmədov - APA-Sport. Rusiyanın Nijni-Novqorod şəhərində Azərbaycanın mərhum futbolçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunan turnir keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, ardıcıl ikinci il baş tutacaq yarışa “Neftçi”nin veteranlardan ibarət komandası da dəvət alıb. Lakin komandamız turnirə yollana bilməyəcək. “Neftçi” Veteranları Futbol Klubunun (VFK) prezidenti Oqtay Abdullayev “APA-Sport”a açıqlamasında deyib ki, nümayəndə heyətinin sayı qədər bilet tapa bilmədikləri üçün yarışdan kənarda qalıblar: “Biz avqustun 28-də start götürəcək turnirə 18-20 nəfərlik heyətlə getmək istəyirdik. Anatoli Banişevskinin həyat yoldaşı İnna Banişevskayanı da aparmağı nəzərdə tutmuşduq. Bu məqsədlə Nijni-Novqorod və ora yaxın bütün şəhərlərə olan təyyarə reyslərinə bilet sifariş vermişdik. Ancaq heç bir reysə istədiyimiz qədər bilet tapa bilmədik. Nəticədə təşkilatçıları turnirə qatıla bilməyəcəyimiz haqda məlumatlandırdıq”.
Qeyd edək ki, ötən il keçirilən ilk xatirə turnirində “Neftçi” VFK ikinci yeri tutmuşdu.
0