Anatoli Demyanenko: “Rusiya və Ukraynanın güclü klublarından təklif almışam”
25.08.2008 - 15:46
Anatoli Demyanenko: “Rusiya və Ukraynanın güclü klublarından təklif almışam”
Bakı. Elşən Məmmədov – APA-Sport. “Əslində, çoxdan “Neftçi”ni tərk etmək istəyirdim. Çünki burada perspektiv görmürdüm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” komandasının baş məşqçi postundan istefa verən Anatoli Demyanenko deyib. 49 yaşlı ukraynalı mütəxəssis bildirib ki, Azərbaycanda futbola yanaşma səviyyəsi aşağıdır. Onun fikrincə, uşaq futbolu, məktəblər və meydançalarla bağlı problemlər tezliklə yoluna qoyulmasa, ölkəmizdə futbolun inkişafı haqda danışmaq çox çətin olacaq. “Neftçi” rəsmiləri və oyunçuları ilə münasibətlərinin yüksək səviyyədə olduğunu deyən A. Demyanenko hansısa məsələdə ortaya problem çıxmadığını vurğulayıb: “Mən həmişə “Neftçi”nin oyunları zamanı həyəcan keçirmişəm və gələcəkdə də yaxından maraqlanacağam. Burada rəhbərliyim altında oynamış həmvətənlərim isə heç yana getməyəcəklər”. Ölkəmizi avqustun 28-də tərk edəcək təcrübəli çalışdırıcı yeni iş yeri ilə bağlı məsələyə yaxın bir həftə ərzində aydınlıq gələcəyini də açıqlayıb: “Rusiya və Ukraynanın yüksək liqasında çıxış edən klublardan təkliflər almışam. Hazırda onlarla danışıqlar apardığımdan, konkret ad açıqlamaq etik cəhətdən düzgün olmazdı. Yaxın bir həftə ərzində harada işləyəcəyim müəyyənləşəcək”.
Qeyd edək ki, A.Demyanenko “Neftçi”dən avqustun 24-də səfərdə “Qəbələ” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra ayrılıb.
0