Azərbaycan futbol yığması sabah İranla qarşılaşacaq
26.08.2008 - 11:29
Azərbaycan futbol yığması sabah İranla qarşılaşacaq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Futbol üzrə Azərbaycan milli komandası sabah növbəti yoldaşlıq görüşünü keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi kollektiv dünya çempionatının seçmə qrup mərhələsinin startı ərəfəsində keçiriləcək son hazırlıq matçında İranla qüvvəsini sınayacaq. İndiyədək tərəflər arasında 3 yoldaşlıq oyunu baş tutub. Səfərdə keçirilmiş bu qarşılaşmaların heç birində yığmamız qələbə qazana bilməyib. Milli komandamızın o vaxtkı baş məşqçisi Vaqif Sadıqovun yetirmələri 2002-ci il avqustun 8-nə və 10-na təsadüf edən hər iki görüşdə heç-heçəyə nail olublar (1:1; 2:2). 2005-ci il iyunun 1-də isə braziliyalı Karlos Alberto Torresin başçılıq etdiyi yığmanın İrana səfəri məğlubiyyətlə nəticələnmişdi - 1:2. Bu dəfəki oyun azərbaycanlı məşqçi Əli Daeinin İran yığmasının baş məşqçisi postunda milli komandamıza qarşı ilk matçı olacaq. Berti Foqts isə hamısı səfərdə olmaqla yığmamızı ardıcıl dördüncü yoldaşlıq görüşünə çıxaracaq.
Qeyd edək ki, İran - Azərbaycan oyunu sabah Tehranın “Azadi” stadionunda Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.
0