AFFA “Qəbələ” komandasını 2000 manat cərimələyib
26.08.2008 - 14:51
AFFA “Qəbələ” komandasını 2000 manat cərimələyib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bu gün AFFA Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, komitə üzvləri Azərbaycan Premyer Liqası və əvəzedicilərin çempionatında keçirilən III turda baş verən neqativ halları müzakirə ediblər. “Karvan” və “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığından komandalar hərəyə 1000 manat cərimələnib. “Qəbələ” - “Neftçi” oyununda azarkeşlərin meydana kənar əşya atmaqları meydan sahiblərinə 2000 manata başa gəlib.
Premyer Liqa klublarının əvəzedici komandalarının çempionatında isə “Standard”, “Bakı”, NBC, “Simurq” və MOİK-in 4-dən artıq oyunçusu xəbərdarlıq aldığından hər bir klub 500 manat cərimə ödəməli olacaq. MOİK rəhbərliyi meydandan qovulan və hərəyə 1 oyunluq çempionatdan kənarlaşdırılan Ramil Əliyev və Namiq Həsənova görə də AFFA-nın büdcəsinə 200 manat köçürəcək. “Simurq”un heyətində qırmızı vərəqə alan Rasim Ramaldanov növbəti turu buraxmaqla yanaşı, komandasını 100 manat ziyana salıb. III turda rəqibini vuran Şahin Xasaylı (“Bakılı”) və hakimi təhqir edən Əli Qasımovun (“İnter”) cəzası daha ağır olub. Onlar 1000 manat cərimələnməklə bərabər, növbəti iki oyundan kənarlaşdırılıblar. Bugünkü iclasda NİK əvvəlki iki turla müqayisədə daha yüksək məbləğdə - 9 klubu 8800 manata cərimə kəsib.
Qeyd edək ki, AFFA cari mövsümdə komandaları 18200 manat cərimələyib.
0