Elxan Məmmədov: “Hakimlərlə bağlı İran Futbol Federasiyasına narazılığımızı bildirmişik”
26.08.2008 - 18:15
Elxan Məmmədov: “Hakimlərlə bağlı İran Futbol Federasiyasına narazılığımızı bildirmişik”
O, sabah Tehranın “Azadi” stadionunda İran və Azərbaycan yığmaları arasında oynanılacaq beynəlxalq yoldaşlıq görüşündə obyektivliyin tam qorunacağına inanmadığını söyləyib. E. Məmmədov vurğulayıb ki, İran tərəfi AFFA rəhbərliyini hakimlərlə əlaqədar həddən artıq gec məlumatlandırıb: “Hakimlərin adlarını ancaq bu gün öyrənə bilmişik. Əgər bunu öncədən bilsəydik, Tehrana heç olmasa bir yan xətt hakimi gətirərdik. Hakimlər briqadasında bir azərbaycanlının yer alması ən optimal variant olardı”. AFFA rəsmisi Bakıya döndükdən sonra İran Futbol Federasiyasına şikayət məktubu göndərəcəklərini nəzərə çatdırıb. Milli komandamızın düşərgəsində hər şeyin qaydasında olduğunu qeyd edən E. Məmmədov futbolçularımızın bu gün iki dəfə məşqə çıxdıqlarını deyib: “Sevindirici haldır ki, yığmada zədəli oyunçu yoxdur. Futbolçular səhər məşqini köməkçi meydançada keçirsələr də, oyunqabağı son hazırlıq üçün “Azadi” stadionu ixtiyarımıza verilmişdi”. Hakimlərlə bağlı yaranan ədalətsizliyə baxmayaraq, baş katib milli komandamızın səfərdən uğurlu nəticə ilə dönəcəyinə inandığını bildirib: “Əsas odur ki, futbolçular baş məşqçinin tapşırıqlarını yerinə yetirsinlər və dünya çempionatının qarşıdakı seçmə oyunlarına yaxşı hazırlaşsınlar. Ümidvaram ki, yığmamız bir həftə öncə İslandiyada olduğu kimi, Tehranda da uğur qazanacaq”.
Qeyd edək ki, İran - Azərbaycan matçı Hidayət Mombini, Murtuza Kərimi, Rəsul Firuqi və Əlirza Fəqaniyə tapşırılıb.
0