Azərbaycanın futbol üzrə birinci divizionu və kuboku uğrunda yarışın püşkü sentyabrın 1-də atılacaq
27.08.2008 - 15:55
Azərbaycanın futbol üzrə birinci divizionu və kuboku uğrunda yarışın püşkü sentyabrın 1-də atılacaq
Bakı. Elşən Məmmədov - APA-Sport. Futbol üzrə Azərbaycanın birinci divizionu və kuboku uğrunda yarışın püşkü sentyabrın 1-də atılacaq. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Məlik Həsənov məlumat verib. Onun sözlərinə görə, hələlik birinci divizionda 8 komandanın – ABN (Bərdə), “Göyəzən” (Qazax), “MKT-Araz” (İmişli), “Anşad-Petrol” (Neftçala), “Şahdağ” (Qusar), “Energetik” (Mingəçevir), “Spartak” (Quba) və “Ədliyyə” (Bakı) iştirakı təsdiqlənib. Bu mövsümdən ölkə çempionatına qatılacağı gözlənilən Gəncə komandası isə qeyri-müəyyən səbəbdən AFFA-ya müraciət göndərməyib. M. Həsənov sentyabrın 5-də start götürəcək yarışın dörd dövrəli sistem üzrə keçiriləcəyini bildirib. İlk iki dövrə bu il, qalan iki dövrə isə 2009-cu ilin birinci yarısında baş tutacaq. Birinci divizionun qalibi 2009/10 mövsümündə Premyer Liqada iştirak hüququna yiyələnəcək. İkinci yerin sahibi isə Premyer Liqada 11-ci yeri tutacaq komanda ilə pley-off qarşılaşmasına çıxacaq. Ölkə kubokuna gəlincə, bu turnirə sentyabrın 17-də start veriləcək. Yarışda Premyer Liqanın 14 və birinci divizionun 8 komandası mübarizə aparacaq.
0