Tuyqun Nadirov: “Rəhbər şəxs kimi bəzi məsələləri nəzarətdə saxlaya bilmədim”
27.08.2008 - 17:08
Tuyqun Nadirov: “Rəhbər şəxs kimi bəzi məsələləri nəzarətdə saxlaya bilmədim”
Bakı. Kənan Həsənov - APA-Sport. “Maliyyə fırıldaqları ilə bağlı son hadisələr “Xəzər-Lənkəran”ın imicinə təsir göstərirdi. Bu səbəbdən də istefa verməyi qərara aldım. İşimizdə boşluqlar olduğunu etiraf edirəm. Bunda mənim də günahım var. Rəhbər şəxs kimi bəzi məsələləri lazımınca nəzarətdə saxlaya bilmədim”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti postundan istefa verən Tuyqun Nadirov bu gün keçirdiyi mətbuat konfransında söyləyib. O, istefa qərarının komanda rəhbərliyi üçün gözlənilməz olduğunu bildirib: “Xəzər-Lənkəran”da çalışdığım dörd il ərzində görülən işlər göz qabağındadır. Fikrimcə, kifayət qədər nailiyyətlərimiz olub. Bu müddətdə heyətə cəlb etdiyimiz mütəxəssislər də yaxşı işləyiblər. Açığı, rəhbərlik komandadan getməyimi istəmirdi. Sonra məni başa düşüb, ərizəmi qəbul etdilər. Mən komandaya gəlməmişdən öncə “Palmalı” şirkətində işləyirdim. Bundan sonra da fəaliyyətimi orada davam etdirəcəyəm”. T. Nadirov Türkiyənin veteran futbolçusu Oqtay Dərəlioğlunun hansı səbəbdən “Xəzər-Lənkəran”da seleksiyaçı-məşqçi işləməməsinə də aydınlıq gətirib: “Dərəlioğlu Azərbaycanda çalışmaq istəmədiyindən bu əməkdaşlıq baş tutmadı” İstefasının Rasim Karanın komandaya baş məşqçi postuna təyinat alması ilə bağlı olmadığını deyən T. Nadirov “Xəzər-Lənkəran”ın gələcəkdə daha yüksək nailiyyətlər qazanacağını vurğulayıb: “Xəzər-Lənkəran” yaxşı infrastruktura malik möhtəşəm klubdur. Bu komandada peşəkarlar cəmləşib. Bir-iki nəfərin istefası klubun gələcəyinə təsir göstərə bilməz. Mən Rasim Karanı Azərbaycana gələn ən səviyyəli mütəxəssis sayıram. Komandanın formalaşdırılmasında onun da əməyi var”.
0