İran və Azərbaycan milli futbol komandalarının Tehranda keçirilmiş oyunu zamanı bu ölkədə yaşayan soydaşlarımızla yerli polis arasında toqquşma olub
28.08.2008 - 11:25
İran və Azərbaycan milli futbol komandalarının Tehranda keçirilmiş oyunu zamanı bu ölkədə yaşayan soydaşlarımızla yerli polis arasında toqquşma olub
“Yığmamıza dəstək verməyə 100-dək yerli azarkeş gəlmişdi. Onlar tribunalarda oturmaq istəyərkən polislərin təzyiqi ilə üzləşdilər. Asayiş keşikçiləri milli komandamıza dəstək verənlərin əyləşdikləri yerin İran komandasının azarkeşləri üçün ayrıldığını bildirdilər. Nəticədə azərbaycanlı azarkeşlər başqa tribunaya keçməli oldular. Ancaq polis onların burada da oturmasına imkan vermədi, azarkeşlərdən ikinci dəfə yerlərini dəyişməsini tələb etdi”.

E. Məmmədov vurğulayıb ki, yalnız AFFA rəsmilərinin müdaxiləsindən sonra polis tələbindən əl çəkib: “Açığı, ikinci dəfə azarkeşlərə təzyiq göstəriləndə onların ümumiyyətlə, stadiondan çıxarıldığını zənn etdik. Buna görə də stadionun müdiriyyəti və İran Futbol Federasiyasının rəhbərliyinə kəskin etirazımı bildirdim. Təzyiqin aradan qaldırılmayacağı təqdirdə, oyunu tribunada azarkeşlərlə birgə izləyəcəyimi söylədim. Bundan sonra İran Futbol Federasiyasının rəsmiləri tapşırıq verdilər və polis Azərbaycan yığmasının azarkeşlərinə təzyiqi dayandırdı”.

İrandakı mənbələrdən isə APA-ya bildirilib ki, İran və Azərbaycan milli futbol komandaları arasında avqustun 27-də Tehranda keçirilən yoldaşlıq görüşündə dava düşməsinə Azərbaycan bayrağının qaldırılması və milli şüarların səsləndirilməsi səbəb olub. İran vətəndaşı olan minədək soydaşımız matç boyu “Azərbaycan”, “Təbriz”, “Bakı” şüarları səsləndiriblər. Matçı izləməyə gəlmiş farslar isə matç boyu dəfələrlə açıq şəkildə polislərdən azərbaycanlılara qarşı tədbir görülməsini tələb ediblər.

Matç bitdikdən sonra isə stadionun çıxacağında İran komandasını dəstəkləyən farslar yerli azərbaycanlılara hücum edib, nəticədə kütləvi dava düşüb. Polis isə onların bu hərəkətinin qarşısını almamaqla yanaşı, İran komandasının azarkeşlərinə dəstək verib. Nəticədə bir neçə Azərbaycan bayrağı və şüarlar azarkeşlərin əlindən alınıb.

Hadisə ilə bağlı həbs edilən olmayıb.

Qeyd edək ki, avqustun 27-də keçirilmiş İran - Azərbaycan matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
0