Berti Foqts: “Sizinlə mərc etməyə hazıram ki, “Neftçi”ni “Çelsi”nin məşqçisi çalışdırmayacaq”
29.08.2008 - 13:52
Berti Foqts: “Sizinlə mərc etməyə hazıram ki, “Neftçi”ni “Çelsi”nin məşqçisi çalışdırmayacaq”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts “Neftçi” klubunu çalışdıracaq şəxsin kimliyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. “APA-Sport” agentliyinin məlumatına görə, B. Foqts bu gün keçirdiyi mətbuat konfransında flaqmanın yeni baş məşqçisinin Azərbaycana heç də onun məsləhəti ilə gəlmədiyini söyləyib: “Neftçi”yə mənim məsləhətimlə baş məşqçi təyin olunması həqiqətəuyğun deyil. Almaniyada 80 milyon adam var. Onlardan hansının “Neftçi”ni çalışdıracağını bilmirəm. Mən AFFA rəhbərliyi ilə müqavilə bağlamışam və assosiasiyada işləyirəm. Klublara hansı məşqçinin gətirilməsi mənim işim deyil”. Bundan başqa, 62 yaşlı mütəxəssis “Neftçi”nin İngiltərənin “Çelsi” klubunun sabiq seleksiyaçı-məşqçisi Rayner Bonhofa tapşırılacağını təkzib edib: “Rayner Bonhof? Onunla birgə 1974-cü ildə dünya çempionu olmuşuq. Amma dəqiq deyə bilərəm ki, Bonhof “Neftçi”nin baş məşqçisi işləməyəcək. Hətta sizinlə mərc etməyə hazıram ki, Rayner Azərbaycana gəlmir”.
Qeyd edək ki, “Neftçi”nin ukraynalı baş məşqçisi Anatoli Demyanenko ötən həftə tutduğu vəzifədən azad olunub.
0