Rasim Kara zəif rəqib tanımır
25.09.2008 - 13:29
Rasim Kara zəif rəqib tanımır
Bakı. Mehman Süleymanov - APA-Sport. “MOİK-i zəif rəqib saymıram. Ümumiyyətlə, Azərbaycan Premyer Liqasında zəif komanda yoxdur”. Bunu “APA-Sport”a açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Rasim Kara deyib.

Türkiyəli mütəxəssis bildirib ki, Premyer Liqada sabahkı rəqibləri olan MOİK-in oyunlarını diqqətlə izləyib: “Bu komanda cari mövsümdə az top buraxır. Özü də buraxdığı qollar matçın sonuna təsadüf edib. Xatırlayırsınızsa, “Bakı” ilk turda öz meydanında MOİK-in qapısına 3-cü uzatma dəqiqəsində yol tapa bildi. Belə komandalar sıx müdafiə olunur və bunu yarmaq çox çətindir. Buna görə də matç bizim üçün ağır olacaq və ciddi hazırlaşırıq. Fikrimcə, qalib gəlmək şansımız böyükdür. İnşallah, üç xalı qazanan tərəf yenə biz olacağıq”.

“Xəzər-Lənkəran”ın hesabına növbəti üç xalı yazmaqla, vahid liderliyi ələ keçirmək şansı böyükdür. Hər halda, lənkəranlıların zirvədə şəriki olan “Karvan”ın “Qəbələ” ilə görüşdüyünü nəzərə alsaq, büdrəməsi real görünür. Ancaq bu haqda düşünməyən Karanı yalnız öz komandası maraqlandırır: “Mən turnir cədvəlinə yox, öz komandamın oyunlarına baxıram. Məqsədimiz hər matçda qələbə qazanmaqdır. Qarşıdakı çətin görüşlərimizin olduğunu nəzərə alsaq, xal ehtiyatımızı artırmalıyıq. “Neftçi”nin son turda “Turan”la heç-heçə edəcəyini kim gözləyərdi? Bu da onu göstərir ki, zəiflərin güclülərlə görüşdə xal qazanmaq motivasiyası böyükdür”.
0