"Fənərbaxça"nın şanssızlığı - və ya 11 illik həsrət
05.11.2024 - 15:54
"Fənərbaxça"nın şanssızlığı - və ya 11 illik həsrət

117 illik tarixə malik bir komanda düşünün…

Hansı ki, bu klub 11 ildir azarkeşlərini sevindirə bilmir. Məncə, bildiniz söhbət hansı komandadan gedir. Bəli, düz tapdınız, “Fənərbaxça”dan...

Bir neçə ildir ki, öz əzəmətli keçmişindən uzaq düşən “Fənərbaxça” izləyirik. Son olaraq Aziz Yıldırım dövründə çempionluğa qovuşan klub, hələ də istənilən nəticəni əldə edə bilmir. Bəs səbəb nədir?

Əslində, azarkeşlər bu sualın cavabını Ali Koçun rəhbərliyə gəlməsi ilə bağlayırlar. Onlara görə, 6 ildir klubda prezident vəzifəsini icra edən türkiyəli iş adamının atdığı addımlar, oyunçulara münasibəti, tez-tez baş məşqçilərin dəyişdirilməsi ciddi problemdir.

“Sarı-lacivərdlilər” ən son çempion olduqlarında hamının sevimlisi, adına mahnılar yazılmış Aleks De Souza komandanın bir parçası idi. Hazırda bilirsiz o, hardadır?

Elə Türkiyədədir, lakin baş məşqçi kimi. Özü də “Antalyaspor”un çalışdırıcısı postunda. Görün vaxt nə tez keçib gedir... 

Yadıma gəlir ki, axırıncı dəfə çempion olanda “Fənər” azərkeşi kimi, öz yığdığım pulla, çempion komandanın formasını almışdım. İndilərdə isə tək fikirləşdiyim, “görəsən biz nə vaxt çempion olacağıq?” sualıdır...

Sabiq “Fənərbaxça”lı Atıf Şeşu bir reportajında bildirmişdi ki, sanki Ali Koç “Pleysteyşın” oynayır. Bu söz mənim çox xoşuma gəlmişdi. İndi soruşa bilərsiz ki, “nə uyğunluq var ki?”. Gəlin mən sizə izah edim.

Ali Koç rəhbərliyə gəldiyindən bəri, komandanın əsas heyəti hər il dəyişir, yenidən qurulur. Avropanın bir çox köklü klublarına nəzər yetirsəniz görərsiz ki, bu cür yanaşmadan uzaq dururlar. Səbəb isə çox sadədir - oyunçuların bir-birini daha yaxşı anlaması. 

Bu mövsüm üçün də (hər il olduğu kimi) çempionluq vədi verən Ali Koç bunun üçün əlindən gələn hərşeyi edir. Mövsümün əvvəli dünyaca məşhur baş məşqçi Joze Mourinyonu gətirən prezident hamımızın içində bir ümid "yeşərtdi". Amma dünyanın ən yaxşı baş məşqçisi də olsan, “Fənər”ə “ayaq basdığın” an artıq bədbəxtlik səni tapır.

Qurulan heyət ən azı Avropa Liqasında mübarizə üçün yetərlidir. Lakin əvəzində komanda ölkə çempionatında “Samsunspor”un gerisindədir. Həmin “Samsunspor”un heyətində Ceko, Tadiç, Fred və ya En-Nesiri yoxdur. Komandanın əsası yerli futbolçulardan təşkil olunub. Demək ki, məsələ heyət deyil.

Heyətdə aparılan islahatlar, baş məşqçi dəyişikliyi heç bir işə yaramır. Ötən mövsümü yadınıza salın. İsmail Kartal dönəmində “Fənərbaxça” 99 xal topladı. Təsəvvür edin ki, komanda bu xalla da çempion ola bilmədi. “Sarı-lacivərdlilər” keçən sezon yalnız bir məğlubiyyət aldı və həmin yenilgi onları çempionluqdan etdi.

Sözümdən inciməyin, amma “Fənərbaxça” artıq çempionluq havasını itirib. Nə futbolçular, nə texniki heyət, nə klub rəhbərliyi, nə də ki, azarkeşlər buna inanır. Əvvəllər “Fənərbaxça” çempion olacaq” deyəndə heç kəsə qəribə gəlməzdi, hamı bunu normal qəbul edərdi. İndi isə buna inanan yoxdur. Komandanın çempion ruhu itib. Əsas problem budur. Həmin ruhu yenidən özünə qaytarmaq lazımdır. Bu isə heyət və ya məşqçi dəyişməklə düzəlməyəcək. Klub rəhbərliyi bir araya gəlib çıxış yolu tapmalıdır. Həmin özünəinamı komandaya qaytara bilmirlərsə, tutduqları vəzifəni tərk edib çıxıb getməlidirlər.

Nəticədə “Qalatasaray”ın illərdir “Fənərbaxça”nın irəlisində olduğu danılmaz bir faktdır. “Sarı-lacivərdlər” “Cimbom”dan üstün olsa belə, “sarı-qırmızılar”ın “onsuzda sonda çempion biz olacağıq” düşüncəsi ağır gəlir. İzləyək, görək necə olacaq…

Hacı Heydər

0