Milli komandanın müdafiə xətti mütəxəssislərin gözündə
13.10.2008 - 16:27
Milli komandanın müdafiə xətti mütəxəssislərin gözündə
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan yığması son 11 ayda yeni seriya müəyyənləşdirib. “APA-Sport”un məlumatına görə, milli komanda hələ alman mütəxəssis Berti Foqtsun gəlişinədək keçirdiyi oyunlarda maksimum bir qol buraxır. Ötən ilin noyabrın 17-də Helsinkidə Finlandiyaya 1:2 hesablı məğlubiyyətdən sonra rəqiblər millimizin qapısına iki dəfə yol tapa bilməyib. Qyoko Hacievskinin rəhbərliyi altında Belçika ilə Bakıda rəsmi oyunda (0:1) başlayan bu seriya Qazaxıstanla Türkiyədə yoldaşlıq görüşündə (0:0) davam etdi. Sonradan millimizdə bir oyunluq baş məşqçi əvəzi olan Nazim Süleymanov Litva ilə səfərdəki yoldaşlıq görüşündə 0:1 hesablı məğlubiyyətlə barışdı. Aprelin əvvəlində Foqtsun təyinatından sonra da bu seriya qırılmayıb. Bunlar səfərdə Bosniya və Herseqovina (0:1), Andorra (2:1), İslandiya (1:1), İran (0:1) yığmaları ilə yoldaşlıq görüşlərindən sonra 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunlarında da müşahidə olunur. Uels və Finlandiya ilə rəsmi görüşlərdə 0:1 hesabı ilə uduzan millimiz Bakıda Lixtenşteynlə qolsuz heç-heçə etdi. Ümumilikdə, bir ilə yaxın müddətdə keçirilən oyunların sayı 10-dur.

Maraqlıdır, milli komandamızın sabiq çalışdırıcıları, klublarımızın sükanı arxasında olan əcnəbi mütəxəssislər az qol buraxmağımızı nə ilə izah edirlər? Bunlar təsadüfdür, yoxsa rəqiblərin qapımıza yol tapmaqda çətinlik çəkməsi? Bəlkə müdafiə xəttimiz etibarlı oynayır? Bu sualla mütəxəssislərə müraciət etdik.

Ağasəlim Mircavadov (Azərbaycan milli komandasının sabiq baş məşqçisi):

“Futbolda uduzmaq olar, ancaq əsas oyunun olmasıdır. Qazaxıstanın səfərdə İngiltərəyə 1:5 hesabı ilə uduzduğu matçı iki dəfə izləmişəm. Onu deyə bilərəm ki, belə böyük hesablı məğlubiyyətə layiq olmayan Qazaxıstan səfərdə yaxşı oyun nümayiş etdirdi. Bizdə problem ondadır ki, uduzmaqla yanaşı, oyun da yoxdur. Artıq xeyli vaxtdır bir qoldan artıq buraxmamağımız böyük qüvvə ilə müdafiə olunmağın nəticəsidir. Azərbaycan yığmasında söhbət düşəndə, onu müdafiə olunan komanda olduğunu deyirlər. İki cür müdafiə olunmaq mümkündür. Biri odur ki, rəqib səni buna məcbur edir, sən də imkan düşəndə əks-hücumlardan istifadə edirsən. Ancaq bizdə elədir ki, meydana ilk olaraq müdafiə olunmaq fikir ilə çıxırıq, hücum edə bilmirik. Finlandiya ilə matça qədər Branimir Subaşiçin oyunundan narazı qalmışdım. Ancaq bu dəfə Subaşiç rəqib müdafiəsini gərginlikdə saxlamağı, meydanda işgüzarlığı ilə xoşuma gəldi. Hücumçularımız orta sahədən asılıdır, fərdi keyfiyyətləri hesabına qol vura bilmirlər. Bunun üçün taktikanı dəyişib, heyətdə hücumameylli oyunçuların sayını çoxaltmaq lazımdır. Söhbət iki-üç hücumçu ilə çıxış etməkdən getmir. Onsuz da qolu bir nəfər vurur. Məsələ ondadır ki, hücumda çoxalmağı bacarmaq lazımdır, bizdə isə bu alınmır. Futbol həyatın bir hissəsidir və azarkeş kimi futbolçu komandasının oyunu ilə həzz almalıdır. Ancaq hücumda oyunumuzun alınmamağı, qol vura bilməməyimiz onsuz da böyük təzyiq, gərginlik altında olan müdafiəçilərimizi yorur, ruhdan salır, özünə inamı azaldır. Foqts vəziyyətdən çıxış yolunu tapmalıdır. Çünki bütün seçmə mərhələdə yalnız müdafiə olunmaq çox çətin olacaq”.

Şahin Diniyev (Azərbaycan milli komandasının sabiq baş məşqçisi):

“Milli komandanın tarixində olan böyük hesablı məğlubiyyətlər futbolçuların psixoloji durumuna öz təsirini göstərib. Oyunçular həmin ağır yenilgilər nəticəsində psixoloji cəhətdən “sınıb”, böyük sıxıntı keçiriblər. Artıq milli üzvləri hər oyuna çıxarkən, müdafiəyə diqqəti artırıb, böyük hesabla uduzmamağa çalışırlar. Futbolda müdafiədən hücuma tez keçid və hücumdan müdafiəyə tez qayıdış anlayışları var. Hücumdan müdafiəyə tez qayıtmağa bacarırıq və böyük qüvvə ilə arxa xəttə çəkilməklə qapımızdan bir qol buraxırıq. Ancaq müdafiədən hücuma sürətli keçidlə bağlı problem qalır və bu qol vurmamağımızda öz təzahürünü göstərir. Futbolumuzun bəlası ondadır ki, biz günahı həmişə bir nəfərdə axtarırıq və bu da baş məşqçi olur. Halbuki, baş məşqçi komandanın oyununu 10 faiz yaxşılaşdıra, yaxud əskinə edə bilər. Günahı baş məşqçini üstünə yıxmaq böyük bir səhvdir. Bununla biz xəstəliyi törədən səbəblərdən uzaqlaşırıq. Millinin səviyyəsi budur və məşqçilər dəyişsə də, həmin icraçılar göz qabağındadır. Yığmada günah görmürəm. Əslində, xəstəliyin kökünü tapıb, buna uyğun düzgün iş görmək lazımdır. Burda infrastrukturdan daha çox insan amilini ön plana çəkmək lazımdır. İndi uşaq futbolunun inkişafından, stadionların tikintisindən çox danışılır. Məgər futbolu Azərbaycandan qabaqda olan Nigeriya, Latviya, Gürcüstan kimi ölkələrdə bu məsələlər bizdən yaxşıdır?”

Qyoko Hacievski (“Bakı” klubunun makedoniyalı baş məşqçisi, Azərbaycan milli komandasının sabiq çalışdırıcısı):

“Bilirsiniz, hər bir məşqçinin özünəməxsus oyun üslubu, futbolçu seçimi, taktikası olur. Onların işləri də istər-istəməz fərqli alınır. Mən nə Azərbaycan yığmasında çalışan həmkarlarımın adından danışmaq, nə də onlara qarşı çıxmaq istəyirəm. Heç belə fikrim də yoxdur. Onu deyə bilərəm ki, Azərbaycan yığmasının müdafiəsi yaxşılaşıb, oyun nizam-intizamı artıb. Bunun da nəticəsində rəqiblərin qol vurması çətinləşir. Ancaq hücumda problemlər qalmaqdadır. Azərbaycan yığmasına fərdi oyunu ilə seçilən, rəqib müdafiəsini yara bilən yaxşı bir hücumçu lazımdır”.

Rasim Kara (“Xəzər-Lənkəran” klubunun türkiyəli baş məşqçisi):

“Azərbaycanda işlədiyim bu dörd ildə komandaların müdafiə xəttinin getdikcə daha da yaxşılaşdığının şahidi oluram. Çempionat oyunlarında pressinqin, meydanda təkbətək mübarizələrin artması müşahidə olunur. Bu nə qədər yaxşı hal olsa da, problemlər qalmaqdadır. Yersiz qayda pozuntuları, penalti epizodları, sarı, qırmızı vərəqələr sonda nəticəyə böyük təsir göstərir. Futbolda təkcə müdafiəni, qapının toxunulmazlığını düşünmək yox, hücum etmək, qol da vurmaq lazımdır. Əslində, futbol top buraxmamaqla qol vurmaq arasında olan bir oyundur. Hücumda cəsarətli oynamaq, rəqibdən çəkinməmək lazımdır”.

Valentin Xodukin (“İnter” klubunun ukraynalı baş məşqçisi):

“Azərbaycan yığmasının son bir ildə az qol buraxmasından danışarkən, ilk növbədə klubların taktiki sxemlərini dəyişdirdiyini ön plana çəkmək lazımdır. Söhbət 4-4-2 taktikasına, xətti müdafiəyə keçiddən gedir. Düzdür, burada bir çox komandalar hələ də üç müdafiə ilə çıxış etsə də, hər halda, yığmaya oyunçu verən aparıcı klublar müasir futbolun tələbləri ilə ayaqlaşmağa çalışırlar. Foqtsun bizdə müdafiənin mərkəzində çıxış edən Samir Abbasovu yığmada dayaq yarımmüdafiəçisi mövqeyində oynatması təsadüfi deyil. Samirin yaxşı fiziki göstəricilərə malik olması, hava ötürmələrində inamlı oyunu onu müdafiənin önünə çəkilməsinə vadar edib. Elə digər müdafiəçilər Rəşad Sadıqov, Saşa Yunisoğlu, Rail Məlikov, Mahir Şükürov meydanda fədakar oyun göstərirlər. Ancaq görək Almaniya və Rusiya kimi güclü yığmalarla görüşlərdə də birdən çox qol buraxmamaq mümkün olacaqmı? Hər halda, almanlarla ruslar fərdi oyuna görə Finlandiya və Uelsdən üstündürlər. Meydanda orta sahə oyunçularının üzərinə böyük iş düşür. Hər məşqçi öz zövqünə, əlində olan “material”a uyğun heyəti, oyunu qurur. Hücum olunarkən əsas iş cinah oyunçularının üzərinə düşür və onlar rəqib qapısına təhlükə yaratmalıdır. Ancaq Azərbaycan yığmasında bu planda problemin olması hücuma öz təsirini göstərir”.

Məşqçilərin fikirlərindən belə qənaətə gəlmək olar ki, yığmamızın artıq 10 oyundur bir qoldan artıq buraxmamağı təsadüfi hal deyil. Bununla belə, həmin məşqçilər futbolun təkcə müdafiə olunmaqdan ibarət olmadığını Foqtsun diqqətinə çatdırmaqla, hücumdakı acınacaqlı vəziyyəti ön plana çəkirlər. Axı futbolun gözəlliyi qoldur...


0