Tunc Afşar: Azərbaycana gələn türkiyəli futbolçuların qiyməti 400 min dollardan aşağı deyil
24.12.2008 - 17:00
Tunc Afşar: Azərbaycana gələn türkiyəli futbolçuların qiyməti 400 min dollardan aşağı deyil
“İstənilən futbolçunu almağa gücümüz var. Ancaq hazırda “Bakı”ya bahalı futbolçu lazım deyil”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Tunc Afşar deyib.

Cari mövsümdən paytaxt təmsilçisində çalışan türkiyəli funksioner hazırda vətənində seleksiya ilə məşğul olur. Futbolçu axtaran Afşar Superliqa klubları ilə danışıqlar apardığını bildirib: “Siyahımızda bir neçə futbolçu var. Əsasən yarımmüdafiəçi və hücumçu axtarırıq. Maraq dairəmizə düşən futbolçuların adlarını hələ açıqlaya bilməyəcəyəm. Çünki onların klubları ilə müqavilələri var. Bizə Azərbaycana pul dalınca gələn yox, “Bakı”nın uğurları üçün var-gücü ilə oynamağa hazır olan futbolçular lazımdır. Bahalı futbolçuları gətirməklə ahəngi, klub daxili ab-havanı pozmaq istəmirik”.

Ölkəmizə çıxış etməyə gələn həmyerlilərinə toxunan Afşar onların transfer məbləğinin böyük olduğunu söyləyib: “Neftçi” və “Xəzər-Lənkəran”da türkiyəli futbolçuların transfer məbləği təxminən 400 min dollar təşkil edir. Azərbaycanda oynamaq təklifi alan türkiyəli futbolçular bu qiymətdən başlayır. Ancaq bizdə isə transferlər 100-200 min dollar aralığındadır. Yəni, 200 mindən çox pul verə bilmərik”.

Vitse-prezident artıq gələn mövsümdən gurultulu transferlərə imza ata biləcəklərini söyləyib: “Yeni mövsümdən ulduz futbolçular alacağıq. Əslində, indi də bunu reallaşdırmağa imkanımız var. Sadəcə, baza və stadionumuzun tam hazır olmasını gözləyirik ki, gələn il bu məsələ həllini tapmalıdır. Bundan sonra bundesliqa, primeroda oynamış futbolçuları transfer edəcəyik”.
0