“Komandamızda ən sərt rejim Demyanenkonun vaxtında idi”
24.12.2008 - 19:12
“Komandamızda ən sərt rejim Demyanenkonun vaxtında idi”
“Komandamızda ən sərt rejim Anatoli Demyanenkonun vaxtında idi”. Apasport.az saytının məlumatına görə, bunu Kiyevin “Dinamo” klubunun rumıniyalı futbolçusu Florin Çernat deyib. Uzun illər “Dinamo”nun şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi “Neftçi” klubunun ukraynalı sabiq baş məşqçisi Anatoli Demyanenkonu tələbkar mütəxəssis sayır.

Çernatın fikrincə, Demyanenko “Dinamo”nun çalışdırıcıları arasında nizam-intizama üstünlük verməsi ilə seçilib: “Demyanenkonun vaxtında komanda yoldaşlarımdan biri rejimi ciddi pozmuşdu. Həmin hadisə çoxdan olduğu üçün, təfərrüatı ilə yadımda deyil. Səhv etmirəmsə, futbolçularımızdan biri gecə klubunda yaxalanmışdı. Bundan sonra klub rəhbərliyi belə hallara görə verilən cərimələrin məbləği xeyli artırdı. Ancaq mən heç vaxt cərimələnməmişəm”.

Azərbaycan Premyer Liqasında oynayan “Dinamo”nun digər keçmiş üzvü - Bakının “İnter” klubunun belaruslu yarımmüdafiəçi Valentin Belkeviçi da yada salan Çernat onunla bir yerdə çıxış edib. Florin bildirib ki, Kiyev klubunun əfsanəvi baş məşqçisi, mərhum Valeri Lobanovskinin vaxtında işləmək daha xoş idi: “Həmyerlim Georgi Hacı mənim üçün həmişəlik ən yaxşı futbolçu, Valeri Lobanovski isə həyatım boyu ən yaxşı məşqçi olacaq. Lobanovski sadəcə məşqçi yox, futbolçuların hamısı üçün ən yaxşı dost idi. Onun üçün nüfuzlu futbolçu yox idi. Bütün futbolçulara eyni gözlə baxırdı. Lobanovski üçün fərqi yox idi ki, sən Çernatsan, yoxsa Belkeviç. Meydana daha yaxşı hazır olan futbolçu çıxırdı. Formada olmayanlar, nizam-intizamı pozanlar isə ikinci komandaya göndərilirdi”.

Qeyd edək ki, Belkeviç “Dinamo”da Demyanenkonun rəhbərliyi altında da oynayıb.
0