Hakan Şükür yenə qərarını dəyişdi
24.12.2008 - 23:57
Hakan Şükür yenə qərarını dəyişdi
Türkiyə yığmasının və “Qalatasaray”ın sabiq hücumçusu Hakan Şükür yenə qərarını dəyişib. Apasport.az saytının məlumatına görə, hazırda Türkiyənin TRT telekanalında şərhçi işləyən 37 yaşlı futbolçu məşqçi fəaliyyətinə başlamaq istədiyini söyləyib.

“Qarşıdakı günlərdə şərhçilikdən çox, məşqçi kimi işləmək niyyətindəyəm. Hətta mənim məşqçi lisenziyam da var. Hazırda yaxşı şərtləri olan təklif gözləyirəm” - deyə Hakan Şükür vurğulayıb.

Məşqçiliyi arzulayan “Kral” ləqəbli futbolçu siyasətlə məşğul olmayacağını söyləyib: “Siyasətə girməyi düşünmürəm. Əgər xalqına xidmət göstərmək istəyirsənsə, bunu hansı sahədə gerçəkləşdirməyin prinsipial fərqi yoxdur. Bu gün siyasət anlayışı artıq tam başqa məna alıb. Məndən nə isə gözləyirlərsə, həmin işi sevə-sevə görərəm”.

Həmçinin, Hakan Şükür bəyəndiyi türkiyəli futbolçuların da adlarını açıqlayıb: “Milli komandamızda ən çox Braziliya əsilli Mehmet Aurelionu bəyənirəm. Arda Turan meydanda önəmli işlər görür. Mənim üçün əsl qapıçı isə Rüştü Rəcbərdir. Bundan başqa, Semih Şəntürk həm “Fənərbaxça”da, həm də yığmada vacib qollara imza atıb”.

Qeyd edək ki, uzun illər “Qalatasaray”ın şərəfini qorumuş Hakan Şükür bu ilin mayından bəri futbol oynamır. Bununla yanaşı, o, peşəkar karyerasını bitirdiyini də elan etməyib. Ötən ay TRT-də işə başlayan Türkiyənin əfsanəvi futbolçusunu yayda hətta “Xəzər-Lənkəran” klubu da heyətinə qatmaq istəyirdi.
0