Petrjela bütün pullarını “Neftçi”də işləyəndə uduzub
25.12.2008 - 11:10
Petrjela bütün pullarını “Neftçi”də işləyəndə uduzub
“Neftçi” klubunun sabiq çexiyalı baş məşqçisi Vlastimil Petrjela Ruhi-Əsəb xəstəxanasından çıxıb. Apasport.az saytının məlumatına görə, uzun müddətli müalicəsini başa vuran 55 yaşlı mütəxəssisin əsəbləri düzəlib, kazino oyunlarına aludədən qurtarıb və məşqçilik fəaliyyətini bərpa etməyə hazırdır. Bununla bağlı bu gün Praqada mətbuat konfransı keçirəcək Petrjela özünə sui-qəsd etməsi, pəncərədən özünü atması və adamlardan qaçması ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirəcək.

Buna qədər isə onun keçmiş həyat yoldaşı Zuzanna müsahibəsində bir çox şeylərə aydınlıq gətirib. Petrjelanın sarışın xanımı müalicədən sonra keçmiş ərinə qoyulan qadağalara sadalayıb: “İndi Vlastimil özünü əla hiss edir. Sadəcə, həkimlər ünsiyyət dairəsini məhdudlaşdırıblar. Misal üçün, Petrjelaya telefonla danışmağa, musiqi qulaq asmağa qadağa qoyulub. Vlastimil çoxlu şeylər oxuyur – onun xəstəxanada xüsusi kitabxanası var. Yeni qəzetləri aclıqla oxuyan Vlastimil futbol dünyasında baş verənlərdən xəbərdardır. Stolüstü tennis oynayan, gəzinti ilə məşğul olan Petrjela hətta atlara quluq edir, bağda işləyirdi. Bütün bunlara baxmayaraq, o, kökəlmənin qarşısını ala bilməyib. İndi Vlastimil əvvəlkindən 15 kiloqram çox – 105 kiloqramdır”.

Zuzanna kazinoya tez-tez getməsi ilə ad çıxaran Petrjelanın orada çoxlu pul uduzduğunu etiraf edib. Özünün da kazinoda oynamasını gizlətməyən xanım buna pis baxmır: “Əsas odur ki, vaxtında dayanasan. Bir dəfə kazinoda kifayət qədər pul uduzduğum zamanı Vlastimil mənə dayanmağı əmr etdi. Bundan sonra bir daha kazinoya getmədim. Petrjelada kazino əyləncəsi bir növ narkotikə çevrilmişdi. O, özünə “dayan” deyə bilmirdi və bu, problemə gətirib çıxarırdı. Biz Sankt-Peterburqdan gedəndən sonra Vlastimilin ciddi xəstə olduğunu hiss etdim. Ərim əvvəl “Siqma”, daha sonra “Neftçi”də işlədiyi zamanı pul uduzmaqda davam edirdi. Aydın oldu ki, xəstəlik inkişaf edir. Müalicə olunmaqla bağlı sözümə qulaq asmayan Petrjela sonradan mənə özünü çox pis hiss etdiyini və həkimə müraciət etməyi uzatmağın yeri olmadığını bildirdi”.
0