“Xəzər-Lənkəran”ın yeni vitse-prezidenti jurnalistlərdən möhlət istədi
25.12.2008 - 13:04
“Xəzər-Lənkəran”ın yeni vitse-prezidenti jurnalistlərdən möhlət istədi
“Vitse-prezident olduqdan sonra mobil telefonuma gələn zənglərə cavab vermirdim. Bu gün qərara gəldim ki, onları cavablandırım və işlərimin çoxluğunu bildirim, jurnalistlərdən isə möhlət istəyim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun yeni vitse-prezidenti Rəvan Bəşirov deyib.

Dekabrın 22-də vitse-prezident vəzifəsinə təyinat alan 24 yaşlı Bəşirov mətbuatla bir neçə gündən sonra geniş ünsiyyət quracağını bildirib: “Hazırda təhvil-təslim işləri gedir. Həm də bu postda təzəyəm, iş sistemini öyrənməliyəm. Məhz bunları nəzərə alıb, hələlik müsahibə vermirəm. Bəli, mən jurnalistlərdən möhlət istəyirəm. Ancaq inanın ki, mətbuatla münasibətlər həmişə qaydasında olacaq”.

Gənc funksioner “Vitse-prezident postunda çalışmağa özünüzü hazır sayırsınızmı” sualına cavab verməkdən boyun qaçırıb.

Qeyd edək ki, əvvəllər “Xəzər-Lənkəran”ın fan-klubunun prezidenti olan Rəvan Bəşirov vitse-prezident vəzifəsində Araz Nəsirovu əvəzləyib.
0