Tümər Mətin “Bakı”da oynamağa razılıq verdi
26.12.2008 - 14:04
Tümər Mətin “Bakı”da oynamağa razılıq verdi
“Fənərbaxça” ilə yollarını ayırmaq üzrə olan Tümər Mətin karyerasını Azərbaycanda davam etdirməyə hazırdır. 34 yaşlı yarımmüdafiəçi “Bakı” klubunun maraq dairəsinə düşüb.

Bu haqda apasport.az saytına paytaxtın eyniadlı komandasının vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, bununla bağlı Tümərin meneceri ilə danışıqlar aparılıb: “Mətinin Azərbaycanda oynamaq istəyi var. Meneceri onun xidmətini bizə təklif edib. Tümər də komandamıza keçməyə razıdır. Klub rəhbərliyi ilə söhbətləşib, gələn həftənin əvvəlində qərarımızı verəcəyik”.


Afşarın fikrincə, təmsil etdiyi komandanın belə bir futbolçunu transfer etməyə gücü çatır. Amma vitse-prezidenti həmyerlisinin keçidi ilə bağlı tərəddüd edən başqa səbəbdir: “Onun Yunanıstanın “Larisa” klubuna qayıtmaq variantının olduğunu bilirik. Biz də yunanların Tümərə verdiyi məbləği ödəmək iqtidarındayıq. Yəni, Mətini almağa gücümüz çatar. Bu transferdə maddi baxımdan problem yoxdur. Hazırda futbolçuya bir illik müqavilə üçün 200 min dollar verə bilərik ki, Tümərin də transferi təxminən bir o qədər olar”.

Qeyd edək ki, 1,74 metr boya malik, oyun qurucusu mövqeyində çıxış edən, solaxay Tümər peşəkar futbolçu karyerasına 11 il öncə “Samsunspor”da başlayıb. 1997-2001-ci illərdə bu komandanın heyətində 94 oyunda 13 qol vurub. Daha çox “Beşiktaş”da (2001-2006, 132 oyun, 32 qol) çıxışı ilə tanınan Tümər bu komanda ilə həm Türkiyə çempionluğu (2003), həm də ölkə kubokunu (2006) qazanıb.

İki il öncə “Fənərbaxça”ya (45 oyun, 10 qol) gələn Mətin ötən mövsüm bu komandanın heyətində “qızıl dubl” edib. Orada əsas heyətə möhkəmlənə bilməyən, əsgərlik problemi çıxan futbolçu bu il “Larisa”nın heyətində 9 oyunda 5 qol vurduqdan sonra geri dönüb. Mətin 2003-cü ildən çıxış etdiyi Türkiyə milli komandasının heyətində (31 oyun, 7 qol) bu yay Avropa çempionatının bürünc mükafatını qazanıb.
0