Tarık Üstün: Tümər Azərbaycanda oynamaq istəyir - EKSKLÜZİV
26.12.2008 - 15:37
Tarık Üstün: Tümər Azərbaycanda oynamaq istəyir - EKSKLÜZİV
“Tümərlə “Bakı”ya keçidi barədə danışığımız olub”. Bunu apasport.az saytına açıqlamasında Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Tümər Mətinin agenti Tarık Üstün deyib.

“Bakı”dan təklif aldıqlarını təsdiqləyən FİFA agenti bildirib ki, müştərisinin Azərbaycanda oynaması realdır: “Niyə də olmasın? Tümər də Azərbaycanda oynamaq istəyir. Onun “Fənərbaxça”da qalmayacağı dəqiqdir. Mətin Türkiyədə deyil, çıxışını ölkə kənarında davam etdirməkdə maraqlıdır. Çoxlu təklif alıb, onu Yunanıstanın “Larisa” klubu geri qaytarmaq istəyir. Hollandiya, Belçika, Avstriya, İsrail, hətta ABŞ-da çıxış etmək variantı da var. Təbii ki, Mətin Azərbaycanda oynamaq variantını da nəzərdən keçirir”.

Üstün Tümərin komandamıza keçidi ilə bağlı gələn həftənin əvvəlində qərar veriləcəyini vurğulayıb: “Bazar ertəsi bir daha görüşəcəyik. Məsələ ondadır ki, Azərbaycanda klub infrastrukturu, baza, stadionlar Türkiyədə olduğu kimi deyil. Tümər texnikalı futbolçudur və onun üçün meydan amili vacibdir. Yaxşı qazonda oyunu daha yaxşı alınır. İndi Mətinin ölkənizdə oynamaq variantı ilə bağlı bu amilləri müzakirə edirik. Onun hazırda əsgərlik problemi yoxdur. Azərbaycana da buna görə gəlmir”.
0